Mübariz Əhmədoğlunun Borçalıların bostanına atdığı “ikinci daş”
Mübariz Əhmədoğlunun Borçalıların bostanına atdığı “ikinci daş”
Mübariz Əhmədoğlunun hələ də yaşadığını bilmirdim. Nədənsə, çoxdan yaddaşımdan silinib, elə bilirdim ki, artıq bu dünyada yoxdur. Şəxsən tanıdığım, amma son illərdə görmədiyim üçün bəlkə də, yaşadığını belə unutmuşam.
Yadımdadır, 2000-ci illərin ortaları idi, Borçalıların bostanına yenə daş atmışdı.
Gözlərini bərəldə-bərəldə israr edirdi ki, Rusiya Gürcüstanda azərbaycanlıların əli ilə çevriliş hazırlayır. Guya Cənubi Qafqaz Avropaya inteqrasiya etdiyi bir vaxtda Borçalıdakı azərbaycanlılar bütün işi pozur, Rusiyanı yenidən Qafqaza qaytarmaq istəyir.
Bir az gənc və çılğın dönəmlərim idi, ofisinə bir az sərt tavırla getdim. Bir saat mənə vələ-vəzir oxudu ki, bu fikirləri ona görə deyirəm ki, gürcülər bizim soydaşlarımızın gücünü anlasınlar.
Bundan bir müddət sonra Azərbaycandan yüksək səviyyəli bir heyət Gürcüstana getmişdi. Biz düşünürdük ki, həmin heyət o vaxtlar soydaşlarımızın çox ciddi problemləri ilə də maraqlanacaqlar, amma heç bir soydaşımızla görüşüb, onların dərdləri dinlənilmədi.
Çünki Mübariz Əhmədoğlu kimi “politoloqlar” Borçalı azərbaycanlılarını elə təqdim edir, onlar haqqında elə ittihamlar səsləndirirdilər ki, nümayəndə heyəti də, bəlkə, bu ittihamların yaratdığı mənzərəni nəzərə alaraq soydaşlarımızla görüşməyi məqsədəuyğun hesab etməmişdi.
Müşahidə etmişəm ki, Azərbaycanda məktəblərdə başörtüsü ilə bağlı qadağalardan sonra bəzi sosial şəbəkə istifadəçiləri tez-tez Gürcüstanda soydaşlarımız arasında İranın ciddi dini təsirlərinin olduğunu bildirir, Borçalıya deyil, İrana bənzəyən geyim formalı insanları təqdim edirlər.
Əlbəttə, bu gün Gürcüstanda İranın dini ideoloji təsirinə məruz qalan kəndlərimiz, bölgələrimiz və soydaşlarımız var. Bundan ən çox biz də rahatsız oluruq. Amma səbəbini yalnız o adamların üzərinə yıxmırıq, deyirik ki, bu ideoloji boşluğu doldurmaq üçün biz hansı addımları atmalıyıq onu müzakirə etməliyik.
Bu gün İranın dini ideoloji təsirləri yalnız Borçalıda deyil ki, Azərbaycanın özündə də bu problemi ciddiyətilə hiss etməkdəyik. Məktəblərimizdə baş örtüsü məsələsinin əsas himayəçisi, siyasi dəstəkçisi də həmin ölkədi.
Amma müşahidələrimiz göstərir ki, İran və onunla əlaqəli təbliğat şəbəkələri bu məsələnin Azərbaycan cəmiyyətində daha çox Türkiyənin dini çevrələri ilə qarşıdurmaya çevrilməsində maraqlıdırlar. Görünür, bu istiqamətdə məqsədyönlü cəhdlər də var.
Bəs indi Mübariz Əhmədoğlunu İrəvandakı Göy məscid məsələsinə görə Borçalı azərbaycanlılarını ittiham etməyə, orada yaşayan qadınlı-kişili soydaşlarımızı təhqir etməyə nə vadar etdi?
Niyə axı, İranın Borçalıya olan təsirləri məhz bu son bir ayda bu adamların yadına düşdü?
Məncə, burada da müəyyən siyasi manipulyasiya cəhdi var. İranın ölkəmizdəki təsirlərinin əsas hədəfi kimi Azərbaycanı deyil, Borçalıyı göstərməklə diqqəti əsl problemdən yayındırmaq istəyirlər.
Borçalıda İranın təsirlərini azaltmaq üçün görüləcək işlərdən biri soydaşlarımızla mütamadi işləmək, ictimai təşkilatlar vasitəsilə vaxtaşırı təbdirlər etmək məqsədəuyğun olardı. Bunun üçün isə təbii ki, ilk növbədə həmin ictimai təşkilatların özü olmalıdır.
Borçalı əsilli insanların ictimai təşkilatlanması isə, gerçəkdən, iynənin deşiyindən dəvəni keçirməyə bənzəyir.
Bu məsələdə qayıdıram, iyrimi il əvvəlki Mübariz Əhmədoğlu ilə görüşümüzdəki söhbətlərin bəzi detallarına.
Mübariz Əhmədoğlu mənə bildirmişdi ki, Ramiz Mehdiyev qeyri-rəsmi göstərişlə Gürcüstan əsilli insanların ictimai təşkilatlar yaratmasını məhdudlaşdırıb, onların ictimai proseslərdə fəal iştirakını arzuolunmaz hesab edib.
İndi Mübariz Əhmədoğlunun boz kardinalı yoxdur, ümid etmək isdəyirik ki, bu qeyri-rəsmi qadağa da qalxsın və biz insanlarımızla işləmək üçün təşkilatlana bilək.
Əks təqdirdə, əliyalın qalan soydaşlarımızı xarici təsirlərdən qoruya bilməyəcəyik. Necə ki, bu gün həmin boşluğun acı nəticələrini artıq görməkdəyik.
İlqar İlkin
Soydas.az