Tarixdən dövlətçiliyə uzanan ömür - Professor Nəsib Nəsibli

image

Tarixçi olmaq keçmiş haqqında çox şey bilmək demək deyil. Əsl tarixçi keçmişi bu günün sualları ilə oxuyur, dünənin hadisələrində sabahın işarələrini axtarır. Daha mühümü isə odur ki, tarixçinin özü də zamanın qarşısında məsuliyyət hiss edə bilsin. Professor, tarix elmləri doktoru Nəsib Nəsiblinin uzun və çoxşaxəli ömür yolu məhz belə bir məsuliyyət duyğusunun ifadəsidir.

1956-cı il sentyabrın 5-də Borçalı mahalının Bolnisi rayonunun Qoşakilsə kəndində dünyaya gələn Nəsib Nəsibli sonrakı onilliklərdə yalnız Azərbaycanın tanınmış tarixçilərindən biri deyil, həm də diplomat, professor, siyasi xadim və parlamentari kimi fəaliyyət göstərdi. Onun bioqrafiyasını maraqlı edən təkcə bu çoxşaxəlilik deyil. Əsas məsələ müxtəlif fəaliyyət sahələrinin arxasında dayanan vahid düşüncə xəttidir: Azərbaycanın tarixi, milli kimliyi, dövlətçilik ənənəsi və dünyadakı yeri haqqında düşünmək.

Bu mənada Nəsib Nəsiblinin həyatına yalnız bir insanın şəxsi uğurlarının tarixçəsi kimi baxmaq azdır. Onun ömrünün ayrı-ayrı mərhələlərində Azərbaycanın son yarım əsrinin mürəkkəb mənzərəsini də görmək mümkündür.

Borçalıdan başlayan yol

Hər ziyalının həyatında doğulduğu torpağın görünməz izi olur. Nəsib Nəsiblinin taleyində Borçalı xüsusi mənaya malikdir.

Qoşakilsə kəndində başlayan bu yol onu Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə gətirib. Sonra elmi fəaliyyət, İran, diplomatiya, siyasi mübarizə, parlament, Amerika universitetləri, Türkiyə akademik mühiti...

Coğrafiya genişləndikcə onun baxışları da genişlənib. Amma maraqlıdır ki, insan dünyanın müxtəlif yerlərini gördükcə öz başlanğıc nöqtəsinə daha fərqli gözlə baxmağa başlayır. Borçalıdan çıxan tarixçinin sonralar Azərbaycan məsələsini yalnız bir ölkənin sərhədləri daxilində deyil, daha geniş tarixi və geosiyasi kontekstdə düşünməsi də təsadüfi deyil.

1978-ci ildə Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda başlayan elmi fəaliyyəti Nəsib Nəsiblinin həyatının əsas istiqamətini müəyyənləşdirib. Baş laborantlıqdan elmi işçiliyə, oradan Tarix İnstitutunda rəhbər vəzifələrə qədər uzanan bu yol ona elmi tədqiqatın ən mühüm xüsusiyyətini – faktın arxasındakı həqiqəti axtarmağı öyrədib.

Nəsib Nəsiblinin bioqrafiyasında İran mövzusu ayrıca bir fəsildir

1987-ci ildə İran İslam Respublikasında istilik-elektrik stansiyasının tikintisində tərcüməçi kimi çalışması ilk baxışda onun elmi fəaliyyətindən fərqli görünə bilər. Əslində isə bu təcrübə sonrakı həyatının ən mühüm istiqamətlərindən birinə – İran üzrə mütəxəssis və diplomat kimi fəaliyyətinə zəmin yaradıb.

Fars dilini bilməsi, Şərqşünaslıq İnstitutundakı elmi fəaliyyəti və İranı yerində tanıması ona bu ölkəyə yalnız nəzəri baxımdan yanaşmamaq imkanı verib.

Müstəqilliyin ilk illərində Azərbaycanın İran İslam Respublikasındakı səfiri olması da bu baxımdan təsadüfi seçim deyildi.

1992-1994-cü illər Azərbaycanın müstəqil dövlət kimi öz xarici siyasətini qurduğu, dünya ilə yeni münasibətlər yaratdığı son dərəcə mürəkkəb bir mərhələ idi. Nəsib Nəsibli həmin dövrdə diplomatik nümayəndə kimi yalnız Azərbaycan dövlətini təmsil etmirdi. O, yeni yaranmış diplomatik sistemin qurucularından biri kimi də fəaliyyət göstərirdi.

Tarixçinin diplomat olması burada mühüm məqamdır. Çünki Azərbaycan-İran münasibətlərini anlamaq üçün yalnız cari siyasəti bilmək kifayət etmir. Burada tarix, coğrafiya, mədəniyyət, milli maraqlar və regional siyasət bir-birinə qarışır. Nəsib Nəsiblinin elmi hazırlığı onun diplomatik fəaliyyətinə xüsusi məzmun verən amillərdən biri idi.

Tarixçi siyasətə gələndə…

Nəsib Nəsibli yalnız tarix yazan alim olmadı. O, Azərbaycanın taleyinin müəyyənləşdiyi siyasi proseslərin içində də yer aldı.

Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin üzvü olması, Müsavat Partiyasının bərpa edilməsi istiqamətində fəaliyyəti, Azərbaycan Milli Demokratik Partiyası “Yeni Müsavat”a rəhbərlik etməsi onun siyasi bioqrafiyasının mühüm səhifələrindəndir.

Bu fəaliyyət 1980-ci illərin sonu - 1990-cı illərin əvvəllərində Azərbaycanın siyasi həyatında milli dövlətçilik ideyasının yenidən ön plana çıxdığı dövrə təsadüf edirdi.

Həmin illərin siyasi atmosferini bu gün yalnız tarix kitablarından oxumaq mümkündür. Lakin o dövrün iştirakçıları üçün tarix hələ yazılmamışdı, onlar özləri tarixin içində idilər. Nəsib Nəsiblinin fərqi də məhz burada idi. O, tarixi yalnız tədqiq edən deyil, müəyyən mərhələdə onu siyasi fəaliyyəti ilə yaşayan insanlardan biri idi.

Müsavat Partiyasının Bərpa Mərkəzinin birinci katibi, daha sonra partiyanın xarici əlaqələr katibi kimi fəaliyyəti onun siyasi düşüncəsində beynəlxalq münasibətlərə verilən əhəmiyyəti də göstərirdi.

Parlamentdə fəaliyyət – deputat kimi deputat…

2005-ci ildə III çağırış Azərbaycan Milli Məclisinə deputat seçilməsi Nəsib Nəsiblinin fəaliyyətində yeni səhifə açdı. Milli Məclisə 34 saylı Xətai ikinci seçki dairəsindən deputat seçildi  və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində uğurlu fəaliyyət göstərdi.

Onun Azərbaycan-ABŞ, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Gürcüstan və Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarında iştirakı da əvvəlki diplomatik və akademik təcrübəsinin parlament fəaliyyətində davamı idi. 

Nəsib Nəsibli müxtəlif illərdə fərqli kürsülərdə dayansa da, əsas mövzu dəyişmirdi. Tarixçi keçmişi araşdırırdı.

Diplomat Azərbaycanın xarici aləmdəki mövqeyini müdafiə edirdi. Parlamentari dövlətlərarası münasibətlər məsələləri ilə məşğul olurdu. Professor isə bütün bunların arxasında dayanan tarixi və siyasi qanunauyğunluqları araşdırırdı.

Sağlam milli şüur, sağlam tarix şüuru olmadan formalaşa bilməz

Nəsib Nəsibli haqqında yazarkən onun yalnız bioqrafik məlumatlarını sadalamaqla kifayətlənmək olmaz. Çünki onun tarixçi kimi maraqlı tərəfi məhz tarixə münasibətində üzə çıxır.

Professor tarixşünaslığın ideologiyalaşdırılmasına və siyasiləşdirilməsinə tənqidi yanaşır. Onun fikrincə, tarix nağıl deyil, ciddi elmdir. Tarixçinin işi əvvəlcədən müəyyənləşdirilmiş qəhrəmanlar və düşmənlər yaratmaq yox, faktları araşdırmaq və nəticə çıxarmaqdır. 

Nəsib Nəsibliyə görə, sağlam milli şüur sağlam tarix şüuru olmadan formalaşa bilməz.

Amma sağlam tarix şüuru keçmişi yalnız romantikləşdirmək də deyil. Əksinə, öz tarixinin uğurları ilə yanaşı səhvlərinə də baxmaq cəsarətidir.Nəsib Nəsiblinin tarixçi kimi əsas mövqelərindən birinin dəyəri də buradadır; tarixi sevmək onunla bağlı həqiqətlərdən qorxmamaq deməkdir.

Nəsiblinin millət, dövlət və siyasət anlayışı

Nəsib Nəsiblinin elmi yaradıcılığında diqqət çəkən əsərlərdən biri “Azərbaycan tarixi: millət-dövlət-siyasət” kitabıdır. Əsər 2006-2019-cu illər arasında hazırlanıb, Ankara nəşrlərindən sonra Azərbaycan türkcəsinə uyğunlaşdırılmış formada çap olunub. Kitabın adı əslində Nəsib bəyin tarixə yanaşmasının müəyyən açarını verir.

Millət, dövlət, siyasət - bu üç anlayış Azərbaycan tarixini anlamaq üçün bir-birindən ayrı götürülə bilməz. Millətin formalaşması, dövlətçilik düşüncəsinin inkişafı və siyasi proseslər bir-birini tamamlayan tarixi hadisələrdir.

Nəsiblinin tarixçiliyi də məhz bu əlaqələr üzərində düşünməyə sövq edir.

Azərbaycan tarixini yalnız xanlıqların, müharibələrin, hökmdarların və tarixlərin ardıcıllığı kimi deyil, milli siyasi şüurun və dövlətçilik ideyasının formalaşma prosesi kimi oxumaq cəhdi onun elmi fəaliyyətinin mühüm tərəflərindən biridir.

Bu baxımdan onun tarixçiliyi keçmişi yadda saxlamaqdan daha artıq bir məqsəd daşıyır. Həm də keçmişdən nəticə çıxarmaq lazımdır.

Dünyanın müxtəlif universitetlərindən keçən alim

Nəsib Nəsiblinin akademik fəaliyyəti də onun düşüncə dünyasının miqyasını göstərir.

Bakı Asiya Universitetində dosent, Xəzər Universitetində professor, kafedra müdiri və dekan kimi çalışması ilə yanaşı, ABŞ-ın Çikaqo və Con Hopkins universitetlərində fəaliyyət göstərməsi onun Qərb akademik mühiti ilə təmaslarını genişləndirib.

Sonrakı illərdə Türkiyənin Ankara Universitetində professor kimi çalışması isə bu elmi yolun davamı olub.

Belə bir təcrübə Azərbaycan tarixçisi üçün yalnız karyera göstəricisi deyil. Müxtəlif elmi məktəblərlə təmas insanı öz elmi mühitinə də başqa gözlə baxmağa vadar edir.

İngilis, fars, rus və fransız dillərini bilməsi isə onun tədqiqat imkanlarını daha da genişləndirən mühüm üstünlükdür.

Nəsib Nəsibli beş monoqrafiyanın və yüzdən çox elmi məqalənin müəllifidir. Bu rəqəmlərin arxasında isə bir tarixçinin uzun illər ərzində topladığı zəhmət, oxu, araşdırma və düşüncə dayanır.

Siyasətdən kənara çıxmaq, düşüncədən yox

2014-cü il noyabrın 2-də Müsavat Partiyasından istefa verməsi Nəsib Nəsiblinin siyasi fəaliyyətində yeni mərhələnin başlanğıcı olub.Lakin siyasi partiyadan ayrılmaq onun ictimai düşüncədən ayrılması demək deyil.

Əksinə, bəzən siyasi təşkilatdan kənarda qalmaq ziyalıya öz mövqeyinə daha geniş məsafədən baxmaq imkanı verir.

Nəsib Nəsiblinin sonrakı akademik fəaliyyəti də göstərir ki, onun üçün elm və düşüncə siyasi mənsubiyyətdən daha uzunömürlü bir sahədir.

Bu gün onun haqqında danışarkən onu yalnız keçmiş deputat, keçmiş diplomat və ya müəyyən siyasi təşkilatın keçmiş üzvü kimi təqdim etmək doğru olmaz.

Bütün bunlar onun bioqrafiyasının sadəcə bir hissəsidir.

Amma Nəsib Nəsibli obrazının bütövlüyünü yaradan əsas cəhət onun alim kimi mövqeyidir.

Əsl ziyalı necə olur?

Nəsib Nəsiblinin ömrünə bir tarix kimi baxmaq mümkündür.

1950-ci illərin Borçalıdan başlayan həyat yolu sovet dövrünün elmi mühitindən keçib.1980-ci illərin sonlarında milli-siyasi oyanışın içində olub. Müstəqilliyin ilk illərində diplomatik fəaliyyətdə iştirak edib.1990-cı illərdə universitet auditoriyalarında dərs deyib. Amerika akademik mühitini görüb.

Türkiyədə professor kimi çalışıb. Azərbaycan parlamentinin üzvü olub.

Sonrakı illərdə yenidən elmi fəaliyyətə qayıdıb.

Bütün bunlar bir insanın həyatındakı ayrı-ayrı mərhələlərdir. Lakin onları birləşdirən daha dərin bir xətt var – Hər zaman Azərbaycan haqqında düşünmək.

Azərbaycanın haradan gəldiyi, necə dövlət olduğu, hansı siyasi səhvləri etdiyi, dünyada öz yerini necə müəyyənləşdirməli olduğu və gələcəyə hansı tarix şüuru ilə getməli olduğu...

Nəsib Nəsiblinin elmi və ictimai fəaliyyətinin müxtəlif istiqamətləri, əslində, bu böyük suallar ətrafında dövr edir.

Nəsiblinin 70 illik yubileyinin mənası

Bu gün professor, tarix elmləri doktoru Nəsib Nəsiblinin 70 illik yubileyidir. İnsanın yubileyi sadəcə yaş rəqəminin dəyişməsi deyil. Yubiley həm də görülən işlərin, keçilən yolun və cəmiyyətə verilən töhfələrin qiymətləndirilməsi üçün bir dayanacaqdır.

Professor Nəsib Nəsiblinin yubileyində onun haqqında çox şey demək mümkündür: tarix elmləri doktoru, professor, beş monoqrafiyanın və yüzdən çox elmi məqalənin müəllifi, diplomat, parlamentari, müəllim, siyasi xadim...

Amma bütün bu titulların fövqündə bir söz dayanır - əsl ziyalı.

Çünki ziyalılıq vəzifə deyil. Ziyalılıq diplomatik pasport deyil.

Deputat mandatı deyil. Professor adı da deyil.

Ziyalılıq insanın öz dövrünə qarşı daşıdığı məsuliyyətdir.

Nəsib Nəsiblinin ömür yolunun əsas mənasını da burada axtarmaq daha doğru olar.

O, tarixi araşdırıb, amma tarixlə kifayətlənməyib.

Siyasətlə məşğul olub, amma siyasətin içində itib-batmayıb.

Diplomat olub, amma diplomatiyanı yalnız protokol kimi görməyib. Professor olub, amma elmi yalnız akademik titul kimi daşımayıb. Mənə gərə, əsl ziyalının ən böyük xidməti də məhz budur.

 Nəsib Nəsiblinin elmi və ictimai fəaliyyəti bu baxımdan yalnız keçmişə aid deyil. Onun qaldırdığı məsələlər bu gün də aktualdır; Biz öz tariximizi necə yazmalıyıq? Milli yaddaşla elmi obyektivlik arasında hansı tarazlığı qurmalıyıq? Dövlətçilik şüurunu necə möhkəmləndirməliyik? Azərbaycan dünyadakı mürəkkəb münasibətlər sistemində öz yerini necə müəyyənləşdirməlidir?

Bu sualların hamısına birdəfəlik cavab vermək mümkün deyil. Bəlkə də tarixçinin əsas missiyası hazır cavablar verməkdən çox, cəmiyyəti doğru suallar üzərində düşündürməkdir.

Professor Nəsib Nəsibliyə yubiley yaşı münasibətilə ən xoş arzularımızı çatdırarkən onun uzun illər ərzində Azərbaycan elminə, tarixşünaslığına, diplomatiyasına, ictimai-siyasi fikrinə və milli düşüncəsinə verdiyi töhfələri ehtiramla qeyd edirik.

Borçalıda başlayan bu ömrün bundan sonrakı səhifələri də elmə, düşüncəyə və həqiqət axtarışına xidmət edən uğurlu səhifələr olsun.

Çünki insanın əsl yaşı təqvimdə deyil. İnsanın əsl yaşı onun yaratdığı dəyərdədir.

İlqar İlkin

 

Soydas.az

Paylaş:

Xəbər lenti