Azərbaycanlı alim Gürcüstanda tarix yazdı: Doktorluq dissertasiyasını gürcü dilində müdafiə etdi
Azərbaycanlı alim Gürcüstanda tarix yazdı: Doktorluq dissertasiyasını gürcü dilində müdafiə etdi
Azərbaycanlı tarixçi-araşdırmaçı və politoloq Natiq Hümbətov Gürcüstanın Suxumi Dövlət Universitetində mühüm elmi uğura imza atıb. O, Humanitar Elmlər Fakültəsində "XI–XIII əsrin əvvəllərində Gürcüstan və qıpçaq dünyası" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edib.
Müdafiə zamanı professorlar Mixail Baxtadze, Kaxa Kvaşilava, elmi rəhbər Zurab Papaskiri, eləcə də tanınmış alimlər Giuli Alasaniya, Guram Marxuliya və digər iştirakçılar dissertasiyanı yüksək qiymətləndirərək onu elmi əhəmiyyətə malik fundamental tədqiqat kimi dəyərləndiriblər. Onların fikrincə, araşdırma yalnız tarix elmi üçün deyil, həm də Azərbaycan-Gürcüstan elmi və mədəni əlaqələrinin inkişafı baxımından xüsusi önəm daşıyır.
Əsər ilk olaraq rus dilində qələmə alınsa da, sonradan gürcü dilinə tərcümə edilib. Diqqətçəkən məqamlardan biri isə Natiq Hümbətovun dissertasiyasını məhz gürcü dilində müdafiə etməsi olub. Bu hadisə Azərbaycan vətəndaşının Gürcüstanda gürcü dilində doktorluq müdafiəsi etməsi baxımından bir ilk kimi qiymətləndirilib.
AZƏRTAC-a açıqlamasında Natiq Hümbətov bildirib ki, tədqiqatın əsas məqsədi XI–XIII əsrlərdə qıpçaqların Gürcüstan dövlətçiliyinin qorunması və möhkəmlənməsində oynadığı rolu elmi faktlar əsasında araşdırmaqdır. Onun sözlərinə görə, qıpçaqlar təkcə Gürcüstan tarixində deyil, həm də Borçalı türklərinin etnogenezində mühüm yer tuturlar.
Alim vurğulayıb ki, ortaq tarixdə Azərbaycan və gürcü xalqlarının işğalçılara qarşı birlikdə mübarizə apardıqlarını sübut edən çoxsaylı faktlar mövcuddur. Bu baxımdan araşdırma xalqlar arasında qarşıdurma deyil, əməkdaşlıq və dostluq ənənələrinin ön plana çıxarılmasına xidmət edir.
Qeyd edək ki, Natiq Hümbətov "Dostluq körpüsü" kitabının redaktoru və tərtibatçısı, iki sənədli filmin ssenari müəllifidir. O, həmçinin müxtəlif elmi jurnallarda və internet platformalarında tarix və siyasət mövzularına həsr olunmuş çoxsaylı elmi və publisistik məqalələrin müəllifidir.
Soydas.az