Kamran Ramazanlı Həmkarlar Təşkilatının sədri seçilib
Kamran Ramazanlı Həmkarlar Təşkilatının sədri seçilib
AR ETN Coğrafiya İnstitutunda Həmkarlar Təşkilatının ümumi yığıncağı keçirilib
AR ETN Coğrafiya İnstitutunda Həmkarlar Təşkilatının ümumi yığıncağı keçirilib. Tədbirdə Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin nümayəndəsi Şəhla Əmirova, institutun rəhbərliyi, elmi və inzibati heyətin əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan institutun direktor vəzifəsini icra edən, coğrafiya elmləri doktoru, dosent Zaur İmrani həmkarlar təşkilatlarının əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi, onların hüquq və mənafelərinin qorunması, eləcə də kollektiv daxilində sağlam iş mühitinin formalaşdırılması baxımından mühüm rol oynadığını vurğulayıb.
Daha sonra Coğrafiya İnstitutu Həmkarlar Təşkilatının yeni tərkibinin formalaşdırılması məqsədilə iclasın aparılması institutun İnzibati şöbəsinin müdiri Həmdulla Əliyevə həvalə olunub.
Gündəliyə uyğun olaraq, Coğrafiya İnstitutu Həmkarlar Komitəsinin yeni tərkibinin seçilməsi məsələsi müzakirəyə çıxarılıb. Namizədlərlə bağlı təkliflər dinlənilib, onların fəaliyyəti və təşkilatın işinə verə biləcəkləri töhfələr barədə məlumat verilib. Açıq səsvermənin nəticələrinə əsasən Kamran Ramazanlı, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüsalə İsaqova, Nuranə Yüzbaşova, Elnur Bağırov, coğrafiya üzrə fəlsəfə doktoru Turanə Hüseynova, Samir Seyidməhəmmədov və Nigar Bayramovadan ibarət yeni komitə tərkibi seçilib.
Daha sonra Təftiş-Nəzarət Komissiyasının yeni tərkibinin müəyyənləşdirilməsi məqsədilə açıq səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən Səidə Mürsəlova sədr seçilib, coğrafiya üzrə fəlsəfə doktoru Sima Əliyeva və aqrar elmlər üzrə fəlsəfə doktoru Afət Cəfərova isə komissiyanın üzvləri olublar.
İclasın yekun mərhələsində yeni seçilmiş Komitə və Təftiş-Nəzarət Komissiyası üzvlərinin iştirakı ilə Coğrafiya İnstitutu Həmkarlar Təşkilatının sədrinin seçilməsi məsələsinə baxılıb. Açıq səsvermənin nəticələrinə əsasən Kamran Ramazanlı yekdilliklə Coğrafiya İnstitutu Həmkarlar Təşkilatının sədri seçilib.
Soydas.az