100 İl keçdi, Tamillalar qaldı...

image

Gecənin bu vaxtı orta məktəb illərində oxuduğum Ferdinand Düşenin “Tamilla” əsərini xatırladım. 
Yay tətilində Bakıxanov qəsəbəsində yerləşən, o vaxt Bakı komissarlarından Yakov Zevin adını daşıyan, indi isə Şəhriyar adına Kitab Evi kimi fəaliyyət göstərən kitabxanaya tez-tez gedirdim.
Bu kitab da həmin vaxt qarşıma çıxmışdı. Əsər ilk dəfə Paşa Səfərlinin tərcüməsində, 1928-ci ildə ərəb qrafikası ilə nəşr olunub. Maraqlıdır ki, onun redaktoru da repressiya qurbanı olan şairimiz Əhməd Cavad olub. 1991-ci ildə isə kitab yenidən Cəmil Əlibəyov tərəfindən çapa hazırlanıb.
“Tamilla” Əlcəzairdə Kabil qəbiləsindən olan gözəl bir qız idi, amma həyatı siması qədər gözəl olmadı. Çünki o, qəti qadağaların hökm sürdüyü, qadının əşya hesab olunduğu bir mühitdə qadın idi.
Bəli, əslində Tamillalar çoxdur, o sadəcə bir nümunə idi. Atası onu dəfələrlə maddi qazanc naminə satmışdı. Sonda quldurların əlinə düşən, həm mənəvi, həm də fiziki işgəncələrə məruz qalan Tamilla azadlığını və insan ləyaqətini qorumaq üçün çarəni özünü ölümün ağuşuna atmaqda görmüşdü.
100 il vaxt keçib. Dəyişən nəsə varmı? 
Forma dəyişib, məzmun isə qalıb. İndi sistem və qurulan düzən bir çox qadını “satış” obyektinə çevirib. Təəssüf ki, bəzən qadınlar da buna rəvac verir, bu axına sürüklənirlər. Ən çox üzüldüyüm məqam isə bəzən qadınların özlərini sadəcə “ət parçası” kimi təqdim etmələridir.
Carol J. Adams “The Sexual Politics of Meat” (Azərbaycan dilinə tərcümədə “Ətin cinsi siyasəti”) əsərində qeyd edir ki, qadınların və heyvanların istismarı eyni patriarxal düşüncə sistemindən qaynaqlanır.
Müəllif göstərməyə çalışır ki, tarix boyu ət yemək gücün, hakimiyyətin və kişiliyin simvolu kimi təqdim edilib. Bu səbəbdən ət istehlakı ilə kişi dominantlığı arasında mədəni əlaqə formalaşıb.
Reklamlarda, ədəbiyyatda və gündəlik dildə qadınların bəzən heyvan metaforaları ilə təsvir olunması, eyni zamanda heyvanların fərd kimi deyil, məhsul kimi təqdim edilməsi tənqid edilir.
Kitabın ən məşhur anlayışı “absent referent” (“itirilmiş” və ya “gizlədilmiş istinad obyekti”) nəzəriyyəsidir. Adamsa görə, insanlar ət yeyərkən həmin ətin bir zamanlar canlı heyvana aid olduğunu düşünmürlər.
Dil və mədəniyyət heyvanın kimliyini gizlədir: məsələn, “inək” yerinə “mal əti”, “donuz” yerinə “bekon” deyilir. Beləliklə, zorakılığın mənbəyi görünməz hala gətirilir. Müəllif eyni mexanizmin qadınların obyektləşdirilməsində də işlədiyini iddia edir.
Təbii ki, Adamsın fikirləri tənqidə açıqdır. Yazdıqları Quran ayəsi deyil ki, hamısını qeyd-şərtsiz qəbul edək. Amma onun reklamların qadın bədənini obyektləşdirməsi və ya heyvanları sadəcə istehlak məhsulu kimi təqdim etməsi barədə müşahidələri əsaslı görünür. Düşünməyə və anlamağa dəyər.

Aida İsmayılova

Tarix üzrə fəlsəfə doktoru, arxeoloq

Soydas.az

Paylaş:

Xəbər lenti