Bilmək yox, onunla yaşamaq - elmin həqiqi mənası
Bilmək yox, onunla yaşamaq - elmin həqiqi mənası
Mart ayının son günləri yağışlı və soyuq keçir, sanki qış öz hökmünü hələ də buraxmaq istəmir. Yaz təqvimdə gəlsə də, onun nəfəsi, istisi hələ duyulmur.
Uşaq vaxtı belə havalarda böyüklərdən eşidərdik ki, mart ayı günləri apreldən borc alır, özünü tam göstərmək istəyir, elə-belə çıxıb getmək niyyətində deyil.
Bu, onların aylara, fəsillərə münasibəti, inancları və özünəməxsus yozumları idi. Çox güman ki, onlar da bunu öz böyüklərindən eşitmişdilər. Bu isə bir həqiqəti göstərir: əvvəllər insan təbiəti “insaniləşdirirdi”, indi isə insan öz yaratdığını “canlandırmağa” çalışır.
Təbiətin öz qaydaları var və biz onu idarə edə bilmərik. Biz yalnız müşahidə edə, öyrənə və nəticə çıxara bilərik. Qədim insanlar həyatlarını məhz bu müşahidələr üzərində qurur, təbiətdən öyrənirdilər. Təbiət onlar üçün təqlid və ilham mənbəyi idi.
Bu gün isə insan getdikcə özünü təqlid edir, süni intellektlə ünsiyyət qurur və onu insan yerinə qoymağa çalışır.
Əslində isə süni intellektdə mövcud olan bütün məlumatlar insanın yaratdıqlarından ibarətdir. O, sadəcə bizim verdiklərimizi bizə geri qaytarır. Bəşəriyyətin minilliklər boyu keçdiyi yol bizim ümumi yaddaşımızdır və biz fərqində olmasaq belə, bu zəncirin bir hissəsiyik.
Bu gün Azərbaycanda Elm günüdür. Açığı, düşünürəm: elm üçün ayrıca günə ehtiyac varmı? Bəlkə də var - ən azından diqqəti yönəltmək və fərqindəlik yaratmaq üçün.
Ümumilikdə isə, elmə və ciddi məsələlərə maraq göstərənlərin sayı həmişə az olub. Amma maraqlıdır ki, onun nəticələrindən hamımız faydalanırıq.
XVI əsrdə yaşamış fransız filosof və yazıçı Mişel Monten deyirdi ki, elmi evdə saxlamaq olmaz, onunla “evlənmək” lazımdır. Bu fikir üzərindən beş əsr keçsə də, hələ də aktuallığını qoruyur.
İnsanın biliyi yalnız çox kitab oxumaq və məlumat toplamaqla ölçülə bilməz. Əgər biz öyrəndiklərimizi həyatımızın bir hissəsinə çevirmiriksə, onların heç bir dəyəri qalmır. Evlilik davamlılıq, bağlılıq və məsuliyyət deməkdir. Montenin bu bənzətməsi də məhz elmin insan həyatının ayrılmaz hissəsinə çevrilməsini ifadə edir.
Yəni insan yalnız öyrənməklə kifayətlənməməli, öyrəndikləri ilə yaşamalı, onları təcrübədə sınamalı və inkişaf etdirməlidir. Bu zaman elm statik informasiya olmaqdan çıxır, dinamik həyat tərzinə çevrilir.
Bugünkü informasiya bolluğu şəraitində isə sual yaranır: biz öyrəndiklərimizin hamısını tətbiq edə bilirikmi? Təbii ki, yox. Burada biliyin toplanması ilə istifadəsi arasında ciddi fərq yaranır.
Əsas məsələ nəyisə bilmək deyil, onunla yaşamaqdır. Həqiqi bilik insanın daxili dünyasına hopmalı, onun düşüncəsini, məqsədlərini və davranışlarını formalaşdırmalıdır.
Elm insanın daxilində yaşadıqda öz həqiqi dəyərini qazanır. Ona sahib olmaq kifayət deyil, onunla yaşamağı bacarmaq lazımdır.
Bir məqamı da qeyd etməmək olmaz: təəssüf ki, bu gün ölkəmizdə elmlə yaşayan insanları elm yaşatmır. Alimlər çox zaman aşağı məvaciblə, böyük fədakarlıq hesabına həyatlarını davam etdirməyə çalışırlar.
Aida İsmayılova
Tarix üzrə fəlsəfə doktoru, arxeoloq
Soydas.az