YOL...
YOL...
Bəzən belə düşündüyümüz anlar olur; elə bil bütün sözlər artıq deyilib, mətnlər yazılıb, mahnılar bəstələnib və oxunub, bütün ixtiralar edilib, deməyə daha heç bir söz qalmayıb. Bəlkə bu, doğrudan da belədir. Biz sadəcə həyatın davam etməsi üçün lazım olan zəncirin bir parçasıyıq, xidmətimiz də sadəcə bundan ibarətdir.
Hər bir insanın öz həyat yolu fərqli məkanlarda başlayıb davam etsə də, sonluq eyni yerə gedir. İnsan üçün daima yolda olmaq önəmlidir, dayanmaq sondur, ölümdür.
Livan əsilli fransız yazar Amin Maaloufun “Yolların başlanğıcı” adlı kitabı var. Maalouf bu kitabda öz nəsli şəcərəsinin həyatını, onların Beyrutdan İstanbula, Misirə, Kubaya uzanan yollarını izləyir.
Maalouf deyir ki, o “kök” sözünü sevmir, çünki köklər torpağa gömülür və orada qalmağa məhkumdur. Ağaclar boyun əyməyə məcburdu, çünki kökləri torpaqdadı, oradan çıxsalar, öləcəklər. İnsan isə belə deyil, o azaddır. İnsan torpağa qoyulanda ölür, çürüyür və daha mövcud olmur. İnsan üçün yol önəmlidir, onun həyatını əhəmiyyətli edən də elə bu yolda olmaqdır.
Yol deyiləndə, ağlımıza həm də karvan yolları gəlir. İnsanların aylarla yol getdiyi, bəzən azdığı, itdiyi o yollar...
Karvan yollarının keçdiyi yollar, adətən qumlu səhralar olurdu. Maraqlıdır ki, səhranın çox hissəsi Şərqin payına düşüb, səhra dəyişməzdir, onun öz qanunları var. Səhrada yolunu azanın sonu müəmmadır, səhra suyunu da gizlədir, sirlərini də hər adama vermir. Ona bələd olmaq üçün gərək ərazini yaxşı tanıyasan, müşahidə edəsən, özünü onun bir hissəsi hesab edəsən. Bəlkə də səhranın qumları bəşərin yaşıdır, yaddaşıdır...
Yazıçı Məhəmməd Əsəd bəy “Allahu Əkbər” kitabında belə yazır: “ Kahinlər buyururlar: Çılğın insan-nədir bu?"
Anlamı belədir: "Səhranı sevən insan".
Çünki səhra çılğın olmayan kəsin sevə bilmədiyi amansızlıqdır, yadlıqdır, müdhişlikdir. Kim səhrada böyüyübsə, çılğındır, qanuna sığmır, mədəni aləmin insanlarından seçilir. Onun əli hər kəsə qarşıdır, hər kəs də ona qarşı...
Dünyanın yollarını keçib getmək asandır, soruşa-soruşa da tapa bilərsən, mənzilə də çatarsan.
Ən pisi yollar insanların “at işləməz yolları”dır.
Bu sözü həmişə anamdan eşidirəm, insanları tanıya bilməyəndə “kim bilir nə at işləməz yolları var” - deyir.
Təki bütün yollarımız aydınlığa aparsın...!
Aida İsmayılova
Tarix üzrə fəlsəfə doktoru, arxeoloq
Soydas.az