Albert Camus: Bir taun portreti
Albert Camus: Bir taun portreti
Camus “Taun” əsərini 2-ci dünya müharibəsi ərəfəsində, Fransa faşist Almaniyası tərəfindən işğal altında olarkən yazmışdır. Camus radikal şəkildə rejim əleyhdarı idi. Ona görə də taun metaforik olaraq təzyiqlər, şər, pislik, hətta insanın çəkdiyi hər tip acı ilə əlaqələndirilə bilər.

Bernar Ryö adlı bir həkimin perspektivindən danışılan romanda hadisələr Oran adlı bir şəhərdə baş verir. Çox sıradan bir şəhər olan Oranda siçovulların kütləvi ölümü ilə qorxunc günlər yaxınlaşır.
Roman “Aprelin 16-da səhər həkim Bernar Ryö otağından çıxanda qapının ağzında bir siçovul ölüsü gördü”- cümləsi ilə başlayır. Əslində bu irəliləyən günlərdə şəhər əhaləsinin həyatını alt-üst edəcək bir epidemiyanın ayaq səsləridir. Bu ifadə tərzi isə kitabın başından etibarən hadisələrə kənardan və soyuqqanlı bir gözlə baxılacağını göstərir.
Camus bir neçə səhifə sonra Oran şəhərini tanıtmaq üçün o məşhur cümləni işlədir: “Hər hansı bir şəhərin həyatı ilə maraqlananda gərək orada adamların necə işləməsini, necə sevməsini və necə ölməsini öyrənəsən.”
İnsanların ilkin reaksiyası xəstəliyi inkar etmək olur. Arxası ilə təşviş yaranır və nəhayət hər kəs xəstəliyi qəbul edir. Taun əslində toplumsal bir təmsildir. Bəzən insanlar, bəzən də toplum fəlakətin gəldiyini görür, amma reaksiya verməkdə gecikir. Oran əhalisi və rəsmi qurumlar da taun ilk özünü göstərdiyində onu ciddiyə almır. Bu əslində bir xəstəlik qarşısındakı reaksiya deyil, həyatdakı bir çox pisliyə qarşı göstərilən vecsizlikdir. Bu vecsizlik fəlakətin böyüməsinə səbəb olur və roman bizə səssiz qalmağın bir növ cinayət olduğunu xatırladır. Camus böhran anlarında insanların həqiqətlə üzləşməkdən necə qaçdıqlarını qarşımıza qoyur. Bu mənada Oran əhalisi sadəcə bir modeldir. Vəba isə istənilən bir acının simvoludur.
Oran karantindədir. Kənar dünya ilə əlaqə kəsilib- subyektiv qərarlar, qorxu, bilinməzlik, sevdiklərindən ayrı qalmaq, rəsmi açıqlamaların reallığı əks etdirməməsi və s. İnsanların isə durumu belədir: inkar edənlər, fürsətçilər, alverçilər və sakitcə dirənənlər.
Romanda bir çox obraz vardır. Hər bir obraz böhran anındakı fərqli insani reaksiyaları əks etdirir. Eyni zamanda da şəxsi qəhrəmanlıqlar deyil, kollektiv şüur ön plandadır.
Həkim Ryö yoldaşı xəstə olmasına baxmayaq, şəhərdə qalıb taun ilə mübarizə aparır.
Ramber jurnalistdir. Şəhər karantinə alındığı üçün Oranda qalmağa məcbur olub. Tək məqsədi isə Parisə- sevgilisinin yanına qayıtmaqdır. Əsər boyunca Ramber üçün getmək və qalmaq arasında davam edən daxili mübarizə müşahidə olunur. Ramber getmək üçün fürsət tapır, lakin son anda fikrini dəyişir. Düşünür ki, indi çıxıb getsə xəcalət çəkəcək və bu xəcalət onun məhəbbətinə də mane olacaq. Nəhayət, başqa yollarla sevgilisinin yanına getmək yerinə, şəhərdə qalaraq taunla mübarizəyə qoşulmağı seçir.
Taru isə əsərdəki ən fəlsəfi obrazlardan biridir. İnsan acısında bir anlam axtarışındadır. “Tanrı olmadan da etik dəyərləri sahib oluna bilərmi?” sualına cavab axtarır. Taun ilə mübarizəni də bu axtarışın bir parçası olaraq görür və kömək məqsədilə könüllülər dəstəsi qurur.
Romanda çətin zamanlarda insanın etik dəyərlərinin də necə süquta uğradığını görürük.
Bu baxımdan diqqət çəkən obrazlardan biri də Kotardır. O möhtəkirlik edir və yavaş-yavaş varlanırdı. Cinayətə görə mühakimə edilməli olan Kotar üçün taun ölüm deyil, xilasdır. Fövqəladə vəziyyət olduğu üçün məhkəmə prosesləri dayandırılıb və buna görə azadlıqda qalır. Epidemiya ən çox onun xeyrinədir, çünki bitən kimi həbs ediləcəkdir. Buna görə də taunun bitməsini istəmir. Hətta qurulan könüllü dəstələrə də qoşulmur. Öz xilası üçün minlərlə insanın ölməsi vecinə deyil.
Əslində biz bununla hər gün rastlaşırıq. Hər şeyi dəyərləndirərkən ümumi yaxşı-pis meyarına görə yox, şəxsi maraqlara uyğunluğuna görə dəyərləndiririk. Mənfəətimizə uyğundursa, “doğru”; deyilsə, “yanlış” olur. Hər şeyə öz dayandığımız yerdən baxırıq. Hər şeyi ancaq özümüzlə əlaqələndirəndə dəyərləndirə bilirik. Kotar bu baxımdan fövqəladə bir obraz deyil. O, gündəlik həyatda tez-tez rastlaşdığımız düşüncənin ifrat formasıdır.
Bu yanaşma yalnız mənfi hallara xas deyil. Eyni mexanizm “yaxşılıq” etdiyimiz anlarda da özünü göstərir. Çox vaxt kiməsə kömək edərkən belə, bunu özümüzlə əlaqələndirə bildiyimiz ölçüdə edirik. Qarşımızdakı insanın taleyi bizə toxunursa, onda hərəkətə keçirik; əks halda isə biganə qalırıq. Tanımadığımız, həyatımıza dəxli olmayan insanların ağrısı mücərrəd qalır və bizi hərəkətə gətirmir.
Kitabda əsas obrazlardan biri də keşiş Paneludur. Roman boyunca 2 böyük nitqi vardır. İlk nitq xəstəliyin yeni yayıldığı zamana təsadüf edir. Daha çox xalqı günahlandıran bir nitq söyləyir. Taunu insan əməllərinin bir nəticəsi olaraq izah edir. Yəni taundan ilahi ədalət kimi danışır.
Panelu burada təkcə bir keşiş kimi yox, müəyyən bir dəyər sisteminin daşıyıcısı kimi danışır. Yəni vəziyyətə öz pəncərəsindən dəyər biçir. Hadisəni anlamağa, ona yuxarıdan baxmağa yox, onu mövcud mənəvi sxeminə yerləşdirməyə çalışır. Bu isə insan düşüncəsinin tanış xüsusiyyətidir: biz baş verənləri çox vaxt düşünərək deyil, bizə öyrədilən kimi dəyərləndiririk. Beynimizə yeridilən, mentalitetimizdən, ətrafımızdan gələn dəyər anlayışları ilə mühakimə yürüdürük.
İkinci nitq daha müdrik bir nitqdir: Panelu artıq “siz” yox, “biz” deyə müraciət edirdi. O, bir uşağın ölümünə şahid olub və çox sarsılıb. Məhz bu nöqtədə söhbətlərində Ryö açıq bir mövqe ortaya qoyub: “Sevgi haqda mənim fikrim başqadır. Körpələrə əzab verən bir varlığı sevməyə ölüncə razı olmaram.”
Panelu artıq asanlıqla “Tanrı cəzalandırdı” deyə bilmir. Günahsız uşağın ölümü qarışısında keşiş Tanrını izah edə bilmir. Nitqində artıq şübhə və daxili əzab hiss olunur. Buna baxmayaraq Tanrıya inanmaqdan əl çəkmir. Bu dəfə Tanrıya itaət ideyası önə çıxır. Panelu artıq “bəzən anlamaq mümkün olmasa da qəbul etməliyik” çağırışı edir. “ya hər ŞEY, ya da heç NƏ.” O, ya hər şeyi bütövlükdə qəbul etməyi(Tanrıya tam təslim olmağı), ya da inamdan imtina etməyi təklif edir- aralıq mövqe qalmır.
“Ya hər şeyə inanmaq, ya da hər şeyi inkar etmək lazımdır. Sizin aranızda hər şeyi inkar etməyə cəsarəti çatan tapılarmı?”
“Kimin Tanrıya kin bəsləməyə cəsarəti çatar?”
Əslində bu nitq dini izahların sərhədini göstərir. İnsani iztirabı teoloji sxemlərlə əsaslandırmaq mümkün olmayanda, səssizlik və tərəddüd başlayır. İkinci nitqdə Panelu artıq hökm verən hakim deyil, əziyyət çəkən insandır. Camus burada dini inamın insani ağrı qarşısında necə sınandığını göstərir və bizi sorğuya çəkir.
İkinci nitq, başı qarışmış bir adamın danışa biləcəyi ifadələrdən ibarətdir. Bu çaşqınlıq öz meyvəsini verir: Camusun absurdu ilə üzləşmək məcburiyyətində qalan keşiş, ikinci nitqdən sonra yatağa düşür. Keşiş əvvəl Tanrını subyektiv olaraq dərk edirdi, lakin taun onu Tanrını obyektivlikdə axtarmağa sövq etmişdi. Belə bir ziddiyyət, keşişi tauna gərək qalmadan öldürə biləcək gücdə idi. Elə ölüm vərəqinə də “şübhəli hal” yazılır.
Göründüyü kimi hamı fəlakətə bir şəkildə açıqlama axtarır. Ryö isə heç bir açıqlama axtarmır. Ona görə taun bir cəza yox, sadəcə bir fəlakətdir. O, dünyanın etik olduğuna inanır. Onun, fikrincə, acı və kədər təsadüfi olaraq paylanır və tamamilə absurddur. Buna baxmayaraq bir şeylər etmək mümkündür. Yəni yaşadığımız həyat tale, təsadüf və s. ola bilər, amma seçimlərimiz bizim əlimizdədir. Bəlkə də hər kəsin qaçmaq istəyəcəyi bir durumda, Ryö kimi insanlar qaçmır. Çünki ümid az olsa da inancları vardır. Həkim insanlar üçün yorulmadan çalışır. Kitabın ən diqqətçəkən dialoqlarından birində “Axı mərdlik nə deməkdir?” sualına Ryö- “Ümumiyyətlə, onun nə demək olduğunu bilmirəm. Amma indi öz peşəmə əməl etməyi mərdlik sayıram.”- deyir.
Təxminən bir il sonra taun yavaş-yavaş azalmağa başlayır. İnsanlar bunu qeyd edir, çünki bu çəkilən acıların sonudur. Artıq normal həyata qayıda bilərlər. Lakin Camus belə düşünmür. Onun fikrincə, bu xronik bir durumdur və həmişə başqa bir şey gələcəkdir. Yəni tam bir qələbə mümkün deyil. Çünki taun bir xəstəlik deyil. Taun bəzən içimizdəki boşluq, bəzən qorxu, bəzən də başqa bir acı və ya fəlakətdir.
Camus fəlsəfəsində həyat absurd görünsə də, insan əsas dəyərini bu duruma etiraz edərək, şəfqət göstərərək, kollektiv hərəkət edərək tapa biləcəyini deyir.
Camus gələcəyi görən möcüzəvi bir “falçı” deyil. O insan təbiətini doğru şəkildə ölçüb-biçən, insanların absurd və təməl həssaslıqlarını anlaya bilmiş biridir.
Press enter or click to view image in full size
Natiq Məmişov
Soydas.az