Həyata “dar qapı”dan girmək...

image

İnsanların yaratdığı rəqəmlər dünyasında daha bir ili yola salırıq.

Niyə insanların yaratdığı deyirəm?... Çünki zaman məfhumu insana məxsusdur, həm də nisbi məsələdir.

 Zamanı insan yaradıb, onu hesablayan da elə insanın özüdü...

 Mənə görə isə zaman sadəcə bir illüziyadır. Dəyişən də insandı, dünyadan keçib gedən də insandı, zaman isə eynidir.

Həyatın anlardan ibarət olduğunu hələ XI əsrdə Ömər Xəyyam da yazmışdı; insan bu an mövcuddur və elə həyatı da odur. Çünki sonrakı anları biz bilmirik. Belə bir deyim də var: “Hər anın öz hökmü var”.

Dəyişən insan çox şeyi əziyyətsiz əldə etmək istəyir. Bu gün əldə etdiyimiz hazır qidalar kimi uğurları da elə rahatca əldə etmək istəyirik. Deyirik ki, hər şeyimiz olsun, amma əziyyət çəkməyək, yuxusuz qalmayaq, yorulmayaq, komfortumuz olsun və s.

Bəlkə buna görədir ki, çox şey dəyərini itirib, asan əldə olunan heç nə artıq insana zövq vermir. Onun ruhuna, ağlına heç nə qatmır və beləcə getdikcə insan dəyərsizləşir, həyata olan marağı da itir. Asan əldə olunan şeylərin olmadığı kimi anlamı da olmur, anlam olmayanda isə insan da öz həyatına məna qata bilmir. Beləcə, dövrün hər şeydən bezmiş, yorulmuş insanı meydana çıxır.

İncildə belə bir cümlə var: “Dar qapıdan girməyə çalışın. Çünki insanı məhvə aparan qapı geniş, yolu isə enlidir. Bu qapıdan girənlər çoxdur. Həyata aparan qapı isə dardır, yolu da çətindir. Bu yolu tapanlar isə çox azdır”.

Bu ibrətamiz fikirlərdə əslində, həyatın çətinliklərinin insanı necə kamilləşdirdiyi, onu necə insana çevirdiyi məsələsi vurğulanır.

 Doğrudur, bəzən sual verirlər ki, insan niyə öz qısa ömrünü əziyyətlə yaşamalıdır ki?. İnsan niyə rahat yaşamamalıdır ki?. Hətta bəzən bunu kasıbların özlərini təsəlli etmək üçün uydurduğunu deyənlər də olur.

Bəli, əziyyətsiz yaşamaq fiziki olaraq insana çox xoş gələ bilər, istədiyin hər şey əlçatan olur. Amma mənəvi, ruhi olaraq insan özünə heç nə qata bilmir, içindəki boşluğu sadəcə əyləncələrlə doldura bilmir, boşluq getdikcə dərinləşir, bir gün də insanın özünü bitirir.

İnsan ən çox da öz boşluğuna yıxılır...

 Bu həm də, elə daxili “boşluğun”dan irəli gəlir.

 Başımızı dünya işləri ilə elə qatıblar ki, insan kim olduğunu, niyə yaşadığını da zaman tapıb, özündən soruşa bilmir. Dünyanın qaçahaqaçında birdə ayılırsan ki, sənin dünyadakı anların artıq dolub və bütöv ömrü gərəksiz insanlarla yarışda keçirmisən.

Bir çox hallarda insanlar içindəki boşluqları sənətlə doldurmağa çalışır. Ən böyük sənət əsərləri də məhz ağrılardan “doğulur”. Sənətkarların çoxu isə öz ağrılarını sənətə çevirə bilənlərdi. Biz o ağrıları necə hiss edə bilirik, bax bu da bizim içimizin “tutumu”du.

Aida İsmayılova

tarix üzrə fəlsəfə doktoru, arxeoloq

Soydas.az

Paylaş:

Xəbər lenti