Şərq və Qərb insanının düşüncəsindəki fərqlər

image

Avropa dövlətləri arxeologiya ilə Şərqdən daha çox maraqlanır. Avropalı öyrənmək, Şərq insanı isə gözləmək, bacardığı qədər gündəlik qayğılarla yaşamaq istəyir.

 Ümumiyyətlə, dünyanın Qərbə və Şərqə bölünməsi nə dərəcədə doğrudur, nə qədər ədalətlidir?

Bölünmənin Avropa düşüncəsinin məhsulu olduğunu dəstəkləyənlər çoxdur. Hətta iddia olunur ki, ilk dəfə  “tarixin atası” adlandırılan Heredot “Şərq”i (farsları) və “Qərb”i (yunanları) bilərəkdən bir-birinə qarşı duran tərəflər kimi təsvir edən ilk avropalı tarixçi olub. Əslində, bu bölgünün hansısa coğrafi sərhədə aidiyyatı yoxdur, məsələ mədəniyyət, sivilizaisya, düşüncə və təfəkkür bölgüsüdür.

Norveçli yazar Knut Hamsun “Misteriyalar” kitabında yazırdı ki, Şərqdə ya Qərbdə olmasından asılı olmayaraq, insan eynidi. Deməli, məsələ insanın hansı mədəni mühitdə, harada doğulması, böyüməsi, hansı şəraitdə formalaşması əsas məsələdir.

Qərblə Şərqin üz-üzə qoyulması məhz qeyri-sağlam təfəkkürün məhsuludur. Bilərəkdən və ya bilməyərəkdən yaradılmış sterotiplərin toplusudur. İnsanlar bir-birinin fərqliliyini qəbul edib yaşaya bilər, yetər ki planlı şəkildə nifrət təbliğatı aparılmasın.

 İnsan nifrəti sonradan öyrənir, heç kim nifrətlə dünyaya gəlmir. Bu günkü dünya Şərq-Qərb qarşıdurmasını din üzərində aparır, islam-xristian prizmasından yanaşır. Tək Allahı qəbul edən insanlar rituallardakı fərqlərə, müəyyən spesifik elementlərə görə düşmənə çevrilirlər. Əksər hallarda çoxu fərqində olmadan təbliğata aldanır.

Türkiyəli yazar, ssenarist Zülfü Livaneli çıxışlarının birində qeyd edirdi ki, İsgəndərə və ya digər qan tökmüş hökmdarlara böyük deyirik? Onlar dünyanın bu başından o başına insanları öldürə-öldürə gediblər, nə üçün?! Bu lazım idimi, nəyə lazım idi və s…!

Müdafiə olunmaq hüququndan başqa insanı öldürmək insanlığın bəlasıdır. Yəni bəşərin məsələsi insan, onun hər şeydən dəyərli həyatı olmalıdır, amma elə deyil. Ən son texnologiyalar da yaratdıq, amma yenə də öldürməyə davam edirik. Belə görünür ki, insan öldürməyə hər zaman da davam edəcək. İnsanlar az qala hər şeyə görə parçalanıb; dini, siyasi, etnik, milli və s.

Yazımızın başlanğıcında arxeologiyaya maraqla bağlı “Şərq insanı yaşamaq istəyir” fikrini qeyd etmişdik. Bəlkə də bizim üçün “Torpağın altındakı saxsı orada nə qədər desən qala bilər, amma bizim ömrümüz o qədər uzun deyil” düşüncəsi hakimdir.

 Əslində, bu fikir reallığı əks etdirir, sadəcə biz yaşamağı da bacara bilmirik…

Aida İsmayılova

tarix üzrə fəlsəfə doktoru, arxeoloq

Soydas.az

Paylaş:

Xəbər lenti