Cəmiyyəti “Atrofiya”dan necə xilas edək?

image

Bəzən qurtulmaq lazımdır. Çətin olsa da, başqa cür alınmır...

Bir şeyləri itirməmək üçün çabalayırıq, ümid edirik, ən radikal üsulu seçmək istəmirik. Amma çox vaxt nəticə elə o radikal üsula gətirib çıxarır. Bizi incidən şeylərə daha çox bağlanırıq, bəzən belə də olur.

Bir neçə ay öncə gözümdə “it dirsəyi” çıxdı. İlk dəfə idi ki, belə bir halla qarşılaşırdım. İlk vaxtlar heç bir müalicə almadım, zamanla keçər deyə düşündüm. Amma olmadı, günlər keçdikcə daha da artdı. Sonra həkimə getdim və məlum oldu ki, bu adi yox, “kor it dirsəyi”dir. Həkim müalicə yazdı, dərmanları aldım və başladıq... Bu müalicənin təsiri olmadı, təkrar həkimin yanına getdim və yenə müalicə...

Evdə internetdə bu xəstəlik haqqında özüm araşdırma aparmağa başladım. Məlum oldu ki, tibbdə bunun adı “xolezion”dur. Xolezion göz qapaqlarında əmələ gələn çirkdir, amma bu çirkin bir az bərk formasıdır və yığılıb partlamır. Xəstəlik belə adi halda gözdə yaranan kiçik düyünlər kimidi. Amma səbəbələri çox dərində imiş...

Sən demə, göz qapaqlarında yaranan bu xəstəliyin mənbəyi daxildən gəlirmiş, mədə-bağırsaq sisteminin kəskin soyuqlaması, yenə orada qurdun olması, immunitetin düşməsi kimi məsələlər...

Görürsünüzmü, üzdə görünüən bu düyünlərin kökü nə qədər dərin imiş.

Bir anlıq düşündüm, cəmiyyət də elə insan orqanizmi kimidir; hər hansı hadisə baş verirsə, biz nəticəni, artıq baş vermiş hadisəni görürük, amma səbəblər...

Bax onlar qalır...

Bu niyə baş verdi deyə heç sul edirikmi?

 Buna gətirib çıxaran səbəblər nədir, axı niyə belə oldu deyə maraqlanırıqımı?

Adını ya bəxt ya qismət qoyuruq, ya da heç əhəmiyyət vermirik...Baş verən cinayətlər, oğurluqlar, fırıldaqlar, xoş olmayan hallar və s. bunlar üzə çıxan görünənlərdi, bəs səbəblər?

 Nəticə olaraq gözümdə olan “xolezion” əməliyyatla təmizləndi, ondan qurtuldum. Yenə elə soyuqdəymə olsa, xolezion bir daha əmələ gələ bilər.

 Maraqlıdır ki, cəmiyyətdə cinayət törədənləri təcrid etməklə problemi həll olunmuş hesab edirik. Axı ona gətirib çıxaran məsələlər həll olunmasa, dəyişən bir şey olmayacaq...

Gözümdə kosmetik qüsura bənzəyən xoleziondan xilas olduğum kimi, cəmiyyətdə  də ümumi görüntünü korlayan insanları təcrid edərək, xilas oluruq... Amma səbəbləri tapıb, onu düzəltmədən xilas olmuruq, sadəcə qısa müddətlik “təmizlik” edirik. Orqanizmin xəstəlik səbəblərini müalicə etdiyimiz kimi cəmiyyətin də “xəstə”liklərini müalicə etmədən olmayacaq...

İnsan orqanizmi ilə cəmiyyət arasında nə qədər oxşarlıq var. Bir yazıda “Atrofiya” sözü qarşıma çıxdı, tibbdə işlənən bir termindi. Mənasına gəldikdə isə latın dilində  “atrophia” kəlməsindən gəlir, anlamı “aclıq” deməkdir.

 Sadə dildə desək, orqanizmdə hansısa orqan, toxuma, hüceyrə normal qidalanma olmadıqda həmin orqan kiçilməyə başlayır. Atrofiyanın fiziki və patoloji olaraq iki növü ayırd edilir; Fizolojinin həyatın müəyyən mərhələsində olması normal qəbul edilir, patoloji isə artıq xəstəlikdir.

 Cəmiyyəti də orqanizm kimi düşünsək, ətrafda mənəvi “atrofiya” yaşanmaqdadır.

Cəmiyyətin böyük bir qismi öz bioloji, fizioloji tələbatlara olan aclığını doyurmaq üçün əlləşir, mənəvi aclıq isə daha da dərinləşir.

Hər şey görsəlləşib, maddiləşib, bütün həyatımız kimlərinsə bizi bəyənməsinə hesablanıb. Dünyamız rəqəmsallaşıb və bütün bunların fonunda mənəviyyatımızın, hisslərimizin "atrofiyası” yaşanmaqdadır.

Atrofiyaya məruz qalan orqanizm müalicə olunmasa, ölümə məhkumdur, eyni şeyi cəmiyyətə də aid etmək olar. Bu atrofiyanın fonunda yüksələn binalar, böyüyən şəhərlər, təbiətdən uzaqlaşmağmız, günü-gündən ölən və ya öldürülən hisslərimiz bizi insan kimi də heçliyə aparır.

Bütün cəmiyyəti bu “artofiya”dan xilas etməliyik...

Aida İsmayılova

tarix üzrə fəlsəfə doktoru, arxeoloq

Soydas.az

Paylaş:

Xəbər lenti