Niyə intihar etməliyik ki, cənab Viktor Frankl?!
Niyə intihar etməliyik ki, cənab Viktor Frankl?!
May günəşinin insanı rahatladıcı şüaları altında üzü “İçərişəhər” metrosuna tərəf qalxırdım. Xəfif, arada güclənən meh üzümə vurduqca, xoşallanırdım. Yan-yörəmdə insanlar aşağı-yuxarı gedib-gəlirdi, amma mən heç bunun fərqində deyildim. Sadəcə özümlə danışırdım. Bəzən insan sözlərlə nəsə demək istəmir, sanki sözlərə belə yazığın gəlir. Ruhumuzu o sözlərə “qusub” onları da günaha batırırıq.
Sözün gücünü anlamaq üçün həyatı yaşayıb təcrübə etmək lazımdır. Deyilən sözlərin təsirinin zamanında fərqində olsaydıq, bəzi sözləri yəqin ki, heç dilimizə də gətirməzdik.
Düşüncədə formalaşıb dilə gətirilən fikir, həm də niyyətin ifadəsidir.
Atalarımız nahaq yerə deməyib ki, qılınc yarası sağalar, söz yarası sağalmaz.
Sözün həm də enerjisi var. Onun hansı niyyətlə deyilməsindən asılı olaraq, biz həmin sözün mənfi və müsbət enerjisini alırıq. Əslində, sözlərin anlamı bizim onlara yüklədiyimiz mənadan asılıdır.
İnsanlar, hadisələr də belədir.
Onlar da bizim yüklədiyimiz mənaya görə dəyər qazanır, əks halda əhəmiyyətsiz olurlar.
Dünya qaynar qazandı. Bu qazanda hamı qaynayır, bir yerdə biriləri sevinir, başqa bir yerdə insanlar ölür. Anbaan ölümləri izləyə bilərik, beləcə adiləşdi çox şey, ölümlər də. Hissizləşirik get-gedə, ya da bilərəkdən göz yumuruq, “mən nə edə bilərəm axı!” - kimi fikirlərlə haqq qazandırırıq özümüzə.
Maraqlıdı, dünyanın bir küncündə insanlar xırda məişət məsələlərini problem kimi görür, başqa bir yerində isə insanlar həyatda qalmaq üçün mübarizə aparırlar.
Bəzən öz qayğılarım özümə gülünc gəlir, istehza edirəm. Zamanın tozu olan insan niyə hər şeyi bu qədər ciddiyə alır, niyə ona bu qədər anlam yükləyir?! Bu özünü aldatmaq nəyə görədir? Bəlkə, özümüzü aldatmasaq, yaşaya bilmərik; özümüzü mütləq ovutmalı, başımızı nələrləsə qatmalıyıq.
Bu məqamda Dünya şöhrətli alim, avstriyalı həkim psixoterapevt Viktor Franklın “İnsanın məna axtarışı” kitabını xatırlamaq yerinə düşərdi.
Viktor Frankl (1905-1997) avstriyalı psixiatr, psixoloq, psixoterapevt, filosof, "Üçüncü Vyana Məktəbi"nin və loqoterapiyanın yaradıcısıdır. Ata, anası, qardaşı və həyat yoldaşı ölüm düşərgələrində nasizmin yaratdığı ölüm düşərgələrində həyatlarını itiriblər. Özü də üç il Osevensium düşərgəsində yaşayıb, xilas olandan sonra ölüm düşərgəsində keçirdiyi günləri, oranın mühitini, necə həyatda qala bildiyini "İnsanın məna axtarışı" kitabında yazıb.
Müxtəlif problemlərlə mübarizə edən xəstələrinə ilk sualı "Niyə intihar etmirsiniz?” - olub.
Onun qənaətinə görə, əzaba belə anlam yükləsək, onun boş yerə olmadığını anlayırıq.
V. Frankl kitabında yazırdı: “Həbs düşərgəsində insanın hər şeyini əlindən alırdılar və ala bilmədikləri yeganə bir şey var idi; qarşısında çıxan şərtlərə qarşı insanın davranma azadlığı. Və hər gün hər insana həbs düşərgəsindən minlərlə bu kimi seçimləri verirdi. Nəticədə isə mən anladım ki, insanın kimə çevrilməsi onun özünün daxili qərarının nəticəsidir. Hər insan özü qərar verirdi ki, dəhşətli şərtlər altında şəxsiyyətini qorusun və ya azadlığını belə itirmiş düstağa çevrilsin”.
Görünür ki, müasir insanın çox şeyi var, amma o həyata anlam qatmaqda çətinlik çəkir və onu yarada bilmir.
Aida İsmayılova
tarix üzrə fəlsəfə doktoru, arxeoloq
Soydas.az