Çaldıran döyüşünü Kərbala faciəsi, İmam Hüseyn əxlaqı ilə əlaqələndirənlər…
Çaldıran döyüşünü Kərbala faciəsi, İmam Hüseyn əxlaqı ilə əlaqələndirənlər…
“Bilginin kömək etmədiyi yerdən yola çıxan adam məna istiqamətinə yönəlir” - deyən gürcü filosofu Merab Mamardaşvili fikirlərini davam etdirərək, əlavə edir ki, insan hər hansı səbəbdən nəyisə düzgün edə bilməsə də, amma həmişə dürüst düşünə bilər.
Onda sual olunur; bəs insan nə vaxt dürüst düşünə bilər?
İnsan yalnz azad olduqda dürüst düşünə bilər!
Bəs azadlığı əlindən alınmış qul, yaxud həbsxanadakı məhkum dürüst düşünə bilərmi?
Düşünə bilər, çünki burada məslə hüquqi yox, mənəvi azadlıqla bağlıdı.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 1514-cü ildə baş vermiş və Osmanlı imperiyasının Səfəvi imperiyası üzərində qələbə qazanması ilə nəticələnmiş Çaldıran döyüşü haqqında son dedikləri müxtəlif cür interpretasiya olunur.
Özümə sual verirəm; şəxsən mən özüm bu mövzuda dürüst düşünə bilərəmmi?
Cavabım isə təbii ki, yoxdur.
Çünki bu mövzuda lazımi qədər bilgilili deyiləm, bütün bildiklərim isə sadəcə müxtəlif müəlliflərin tarixə aid yazılarından formalaşan fikirlərdir. Əlavə olaraq, mən özünü heç bir məzhəb və təriqətə aid etməyən müsəlman türk və türkçü olduğumu zənn etdiyim üçün düşüncəmdə tərəfkeşlik elementləri üstün gələcək. Həm də, sünni, ya şiə ideologiyasının təsiri altında olan adamla dini mövzularda tərəfkeşsiz olmaq mümkün olmur.
Burada alman filofosu Kantın bir fikrini xatırlamaq yerinə düşərdi: “Duyğuların qarışdığı yerdə xalis ağıla və nəticədə obyektiv mühakiməyə yer qalmır”.
İntelektinə xüsusi hörmətim olan, ziyalı bir fikir adamı Çaldıran döyüşünü Kərbala faciəsi ideologiyası, İmam Hüseyn əxlaqı ilə əlaqələndirərək, yazır ki, əxlaqdan nəsibini almayanlar bunu anlamazlar.
Bu heç yerində olan bir cümlə deyil!..
Burada farsların İmam Hüseyn adından “kozır” kimi istifadə edərək, daima manipulyasiya etmələri ənənəsi görünür. Çünki, bu fikirdə İmam Hüseyn haqqında analitik fikir söyləyənlərə qarşı farsların adətən istifadə etdiyi “Allahdan qorx, yazıqsan, özünə yazığın gəlsin!” xofunun təsirləri aydınca sezilir.
Belə…
Baxıram bizim bəhs etdiyimiz hörmətli fikir adamımız da mövzunu dinə bağlayır.
Əgər müəllif istənilən siyasi, iqtisadi, elmi və s. mövzunu sonadək mövzunun aid olduğu sahənin özü ilə izah etməyib, kəsə yol seçib dinə bağlıyırsa, deməli, müəllif o sahə haqqında kifayət qədər bilgili deyil. Bilgi insana o vaxt kömək edə bilmir ki, insan bu barədə tələb olunan qədər bilgiyə sahib olmur, yaxud bildiyini demir. Və bu adam bilginin kömək etmədiyi yerdən mənaya yönəlir. Və mənanı da öz marağına uyğun təxəyyülünə görə formalaşdırır.
Dürüst düşünə bilməyə isə bilginin miqdarı təsir etmir.
Bu mənada bilginin miqdarı dürüst yox, düzgün düşünməyə kömək edir.
Uğurlu Şərifov
Soydas.az