Məğlubiyyətə bərabər Qələbə
Məğlubiyyətə bərabər Qələbə
Stefan Sveyqin “Dünənin dünya”sını xatırlarkən...
Görkəmli alman roman ustası, bioqrafiya yazarı və araşdırmaçı Stefan Sveyqin çox məşhur bir əsəri var; Avtobioqrafik səciyyə daşıyan “Dünənin dünyası” adlanan bu əsər XIX əsrin sonundan II Dünya müharibəsinə qədərki Avropanın real mənzərəsini çox gözəl əks etdirir. Əminəm ki, kitabı oxuyanlar ondan çox böyük zövq alıblar və bu əsər onların yaddaşlarının bir küncündə özünə yer edib.
S.Sveyq Avropanı cənginə alan faşizmə üsyan edirdi, onunla barışa bilmirdi, qəbullanmırdı. Ona görə də Almaniyanı təkr edib əvvəl Londonda, daha sonra isə Braziliyaya getdi. Lakin burada da özü ilə bacarmadı, etirazını intiharla tamamladı. Üç il... cəmi üç il də səbr edib gözləyə bilsəydi müharibə bitəcəkdi, bəlkə də yenidən Almaniyaya qayıdıb daha dəyərli əsərlər yazacaqdı. Amma o, dik başla həyatına son vermək yolunu seçdi.
9 May faşizm üzərində qələbə günü kimi qeyd edilir. Bəs faşizm, həqiqətən bu gün məğlub olubmu? Məncə, yox!.. Sadəcə şəklini və formasını dəyişib.
İtalyan filosof, tarixçi-medievist, yazıçı Umberto Eko deyirdi ki, gələcəyin insanları elə biləcəklər ki, faşizm yenə əvvəlki kimi uniforma geyinib gələcək. Yox, onlar artıq gözlərimiz alışdığı o geyimlərdə gəlməyəcəklər, bu düşüncələrdə olacaq.
Bəli, bu gün elədir. Faşizmi artıq düşüncələrdə görürük. Əslində hər şey elə düşüncələrdə başlamırmı?! Ətrafımız mülki geyimli faşist insanlarla dolu deyilmi və ya dövlətlərin hamısı bəşəri dəyərlərləmi idarə olunur?!
Bu gün öz düşüncəsi olan, sorğulaya bilən insanlar dünyanın çarxının necə döndürüldüyünü çox gözəl bilirlər.
Dünyaya “sülh” gətirmək istəyən dövlətlər, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri dünyada ən çox silah satan ölkələrdi. Artıq şərhə ehtiyac yoxdur. Odur ki, ədalət, haqq yalnız sözdə qalır və gücün yoxdursa, demək ki, heç nəyin yoxdur.
Hər zaman düşünmüşəm, müharibə bitibsə, nəyin qələbəsi qeyd olunub?! İstənilən halda müharibələr məğlubiyyətdir, insanlığın məğlubiyyəti. Bu gün statistika kimi səslənən rəqəmlərin arxasında milyonların həyatı, arzuları, istəkləri, ağrıları, əzabları var.
Fikirlərim kənardan romantik, idealist xarakterli görünə bilər. Babamın atası gənc yaşda müharibəyə gedib və geri qayıtmayıb. Qəbri varmı, varsa da hardadı bu haqda heç bir məlumat yoxdur. Bu gün ondan ancaq tək bir foto qalıb. Onun övladları ata qayğısından, sevgisindən məhrum böyüyüb. Milyonlarla insan bu aqibəti yaşayıb. Belə bir qələbə mənə görə məğlubiyyətə bərabərdi.
Bütün müharibələrdə həyatını itirənlərə rəhmət diləyirəm.
"Lakin son nəticədə hər kölgə işığın övladıdır və sadəcə aydınlığı və qaranlığı, müharibəni və sülhü, yüksəlişi və böhranı görən şəxs həyatı həqiqətən yaşamış sayılır” - Sveyqin “Dünənin dünyası” əsərini bu fikirlərlə bitirib. Baxmayaraq ki, onun özü də hər iki dünya müharibəsini görmüşdü. O yenə də sülhə inanırdı. Sveyqin mövcudluq sevinci intellektual iş, şəxsi azadlıq idi.
Onun yaradıcılığı, əsərləri, fikirləri ilə tanış olduqdan sonra dünyanın tarixi, mənəvi sərhədlərinin nə qədər kiçik olduğunu görürük, hiss edirik. Və belə bir qənaətə gəlirik; dünyanın nə indisi var, nə dünəni, dünya əslində heç dəyişməyib.
Aida İsmayılova
tarix üzrə fəlsəfə doktoru, arxeoloq
Soydas.az