Qurdla Qiyamətə kim qalacaq?!
Qurdla Qiyamətə kim qalacaq?!
Bəzən dönüb geriyə baxanda uşaqlığımda eşitdiyim bir çox sözün, fikrin altında nə qədər böyük mənanın, yaddaşın, təfəkkürün, düşüncənin olduğunun fərqinə varıram.
Bir vaxtlar böyüklərimizdən eşitdiyimiz və tez-tez işlətdikləri “Qurdla qiyamətə qalasan!” və ya “Qurdla qiyamətəmi qalacağıq?” kimi ifadələrin dərin qatlarını anlamağa başlayıram. Əslində, bu deyimlərin kökü türk xalqlarının mifik yaddaşında simvol olaraq bilinən Bozqurda, yəni türk mifologiyasına gedib çıxır.
Bu ifadələr əslində uzunömürlülüyü, ölümsüzlüyü bildirir; “Qurdla qiyamətə qalmaq” isə bunun məcazi mənada ifadəsidir.
İfadənin kökü haqqında dilçi-alim, professor Məmmədəli Novruzov “Söz aləminə səyahət” kitabında maraqlı açıqlama verib. Onun qeydlərinə görə, yer üzündə qiyamət günü tufan qopacaq. Tufan elə bir dəhşətli gücə malik olacaq ki, yer üzərindəki bütün canlıları məhv edəcək. Tufanın gücünə tab gətirməyən ağaclar kökündən qopacaq, dağlar, təpələr düzənliyə çevriləcək. İnsanlar da digər canlılar kimi məhv olacaq. Canlı adına yer üzündə ancaq Boz qurd qalacaq. Tufan bu mübarək məxluqun dərisini soyacaq, tufanın güc gəldiyini görən qurd ayaqlarını güclə yerə diriyəcək və tufana tab gətirə biləcək. Məhz bu zaman mübarək Boz qurd öz gücünün nəyə qadir olduğunu dərk edəcək. Bu mif türklərin Boz qurdun əbədiliyi haqqında yaratdığı əbədiyyət salnaməsidir.
Qurd həm də barışmazlığın simvoludur, o qisasını heç kimdə qoymaz. Bu məqamda böyük Qırğız yazarı Çingiz Aytmatovun “Qiyamət” ( “Dişi qurdun yuxuları”) romanını da xatırlamaq yerinə düşərdi; Əsərdə dişi qurd olan Ağbərə də balalarını oğurlayan insanlardan öz qisasını alır, qısasını qiyamətə saxlamır.
Bəs Qiyamət nədir?
Niyə axı, insan dünyada tapa bilmədiyi ədalətin qiyamət günü bərqərar olacağı ümidi ilə yaşayır?
Bəs dünyanın sonunda gələn ədalətin kiməsə faydası olacaqmı?
“Qərbin vicdanı” adlandırılan Kamyu deyirdi ki, Qiyaməti gözləməyin, onsuzda hər gün onun içində yaşayırıq.
Həqiətən də elə deyilmi?
Uşaqlar öldürülür, günahsız insanlar öldürülür, işgəncə görür, insanlar bir-birini maddi çıxarları üçün aldadır. Mal-mülk üçün ən doğma insanlar bir-birinə düşmənə çevrilir. Dünya qaynar qazan kimi qaynayır, gözümüzün önündə ölkələr viran qalır və s.
Bütün bunlardan daha böyük nə olmalıdır ki? Bunlar qiyamət üçün bəs deyilmi?
Belə bir deyim daha var; Biri yeyər, biri baxar, qiyamət onda qopar...
Bu gün insanlar yedikləri yeməkləri çəkib paylaşırlar, kim ac, kim tox onlar üçün fərqi yoxdur. Əvvəllər isə bir evdə yemək qoxusu çıxanda, ondan mütləq qonşuya da pay verirdilər.
Məncə, daha qiyaməti gözləmək ədalətsizlikdi, haqsızlıqdı, amansızlıqdı..
Çingiz Aytmatovun “Qiyamət”ində Roma prokuratoru Ponti Pilat İsaya qiyaməti yaşatdı və onu çarmıxa çəkdirdi. Bu həm də, İsayla birlikdə dünyada ədalətin də çarmıxa çəkilməsiydi.
Biz daha dünyada, öz ətrafımızda baş verən qiyamətlə barışmışıq, onu yaşayırıq.
Mifik və İlahi Qiyaməti isə gözləyirik.
Görəsən, Qurdla qiyamətə kim qalacaq?!
Aida İsmayılova
tarix üzrə fəlsəfə doktoru, arxeoloq
Soydas.az