Bu gün akademik Zahid Xəlilovun doğum günüdür
Bu gün akademik Zahid Xəlilovun doğum günüdür
Bu gün Azərbaycanın dövlət xadimi, görkəmli riyaziyyatçı-alim, akademik Zahid Xəlilovun anadan olduğu gündür.
Xatırladaq ki, Zahid İsmayıl oğlu Xəlilov 1911-ci il fevralın 14-də Tiflis şəhərində anadan olub. 1932-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. 1940-cı ildə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, 1946-cı ildə fizika-riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsini, professor elmi adını alıb, 1955-ci ildə AEA-nın həqiqi üzvü seçilib.
1942-ci ildə SSRİ EA-nın Azərbaycan filialının fizika sektorunda elmi fəaliyyətə başlayıb, riyaziyyat və nəzəri fizika seksiyasını, daha sonra isə riyaziyyat bölməsini yaradıb. Azərbaycan SSR EA vitse-prezidenti (1957-1959), Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi (1959-1962), Azərbaycan SSR EA-nın prezidenti (1962-1967), Riyaziyyat və Mexanika İnstitutunun direktoru (1967-1974) olub.
Z.Xəlilov Azəbaycanda funksional analiz məktəbinin yaradıcısıdır. Kompleks dəyişənli funksiyalar və sinqulyar inteqral tənliklər vasitəsilə poliharmonik tənliklər sistemi üçün sərhəd məsələsini həll etmiş və alınmış nəticələri söykənmiş elastik lövhənin əyilməsinin öyrənilməsinə tətbiq etmişdir. Normallaşdırılmış halqalarda və Banax fəzasında klassik sinqulyar inteqral tənliklər nəzəriyyəsini ümumiləşdirən tamam kəsilməz operatorlu xətti tənliklər nəzəriyyəsini yaradıb və inkişaf etdirib. İlk dəfə olaraq qiymətləri Banax fəzasından olan funksiyalar sinfində diferensial tənlikləri tədqiq edib. Qaz və neftin filtrasiyası nəzəriyyəsinin ümumi məsələsini həll edib, aldığı nəticələr respublikada bu sahədə bir sıra tətbiqi məsələlərin həll edilməsinə zəmin yaradıb.
Funksional analizin üsullarını diferensial və inteqral tənliklər nəzəriyyəsinin sərhəd məsələlərinin və optimal idarəetmə məsələlərinin həllinə müvəffəqiyyətlə tətbiq edib, xətti yarımharmonik tənliklər sistemində ümumi sərhəd məsələlərini tədqiq edərək, requlyar həqiqi həllər üçün ümumi kompleks göstəriliş alıb. Banax fəzasında qeyri-məhdud operatorlu kvazixətti tənliklərin həllinin dayanıqlığı məsələsini həll edib.
SSRİ-də funksional analiz üzrə ilk monoqrafiyanın - “Funksional analizin əsasları” (1949, rus dilində) - müəllifidir. 100-dən çox elmi işin və 4 monoqrafiyanın müəllifidir. 30-dan çox fəlsəfə doktoru və elmlər doktoru hazırlayıb.
Sovet Riyaziyyat və Mexanika Komitəsinin üzvü, Azərbaycan Riyaziyyat Cəmiyyətinin prezidenti olub.
1960-cı ildə Əməkdar elm xadimi fəxri adına layiq görülüb. 1964-cü ildə “Qırmızı Əmək Bayrağı” və “Şərəf nişan” ordenləri ilə təltif edilib.
Akademik Zahid Xəlilov 1974-cü ildə vəfat edib, Fəxri Xiyabanda dəfn edilib.
Soydas.az