Bütün ideologiyalar “simulyakrdı”, Türkçülük isə bir ənənədir
Bütün ideologiyalar “simulyakrdı”, Türkçülük isə bir ənənədir
İdeologiya sözünün müxtəlif izahları var. Bu terminin mən də öz anladığım şəkildə izahını vermək istərdim. Təbii ki, mövzumuz Türkçülük olacaq.
Sosial mediada Suriya ilə bağlı Türkiyəni, Türk həmrəyliyi ilə bağlı Türk Dövlətləri Təşkilatını (TDT) və türkçülüyü gözdən salmaq istəyənlər xeyli aktivləşib. Bu da sözsüz ki, əsasən rus, fars, fransız və bu kimi bəzi başqa media qurluşlarının apardığı anti-türk təbliğatın nəticəsində boy göstərir.
Bu cür xarici qüvvələrin kirli informasiya təbliğatının təsirində olan bəzi sosial media istifadəçiləri, hətta türkçü insanları təhqir belə edirlər. “Türkçülük ideologiyası tərəfdarları Azərbaycandan rədd olub Türkiyəyə getsin!” - kimi ifadələr işlədənlərə də rast gəlmək olar. Görünən odur ki, artıq bu insanlar sadəcə təhqirlə kifayətlənmirlər, həm də təhdid edirlər…
Heç bir perspektivi olmayan, sadəcə anti-türk təbliğat maşınına çevrilən xarici mediaların təbliğatı ilə formalaşan bu məntiqsiz və qüsurlu düşüncəni bir az daha detallı analiz edək;
Bəs ideologiya nədir?
İdeologiya bəşəri mənşəyi olmayan, təməlsiz və reallıqda mövcud olmayan, yalnız bir qrup insan tərəfindən cəmiyyəti idarə etmək üçün düşünülmüş təlimlər, nəzəriyyələr və ideyalar toplusudur.
Reallıqda deyil, yalnız abstrakt olaraq xəyallarda formalaşan hər hansı ideologiyanın yaşaya bilməsi üçün onun müntəzəm olaraq “update” olunmasına ehtiyacı var.
Fəlsəfədə “idealizm”, siyasətdə “liberalizm”, müasir sosiologiyada “feminizm”, sosial-iqtisadiyyatda “kommunizm”, dində məzhəbçilik, İranın dövlət idarəçiliyində “teokratiya” (theos – tanrı, kratos – hakimiyyət) ideologiyalar haqqında bir nümunədir.
“Simulyakr” əsli, orijinalı olmayan bir şeyin kopiyasına deyilir. İstənilən ideologiya məhz simulyakrdı.
İdeologiya mənşəyi, orijinalı, təməli olmayan bir ideyanı təbliğat, təşviqat və müxtəlif siyasi proseslər hesabına reallıqda mümkün olmadığı üçün yalnız ağıllarda yaşatmağa çalışmaqdı.
Türkçülük və ideologoya
Mənə görə, Türkçülüyü bir ideologiya kimi təqdim etmək ciddi yanlışlıqdır. Çünki:
- türkçülük ideologiya deyil, ənənədir;
- türkçülük milliyyətçilik deyil, soydaşlıqdır;
- türkçülüyün mənşəyi türk dili, təməli bu dildə danışan insanlar, tarixi isə yaradılışa qədər uzanan bir tarixdir;
- türkçülük bir mədəniyyət və bir dünyagörüşüdür;
- türkçülük dilin ünsiyyət kimi yaradılışından bu yana türk dilində danışan insanların birliyidir.
TDT və Türkçülük
Türkçüləri Türkiyəyə “göndərənlər” anlamalıdır ki, Azərbaycan da Türkiyə kimi bir türk dövlətdir. Türkçülüyə görə bizi harasa “göndərməli” olanlar yalnız Türkiyəyə yox, məsələn Qazaxstana, Özbəkistana, Qırğızstana da göndərə bilərlər. Türkiyə ilə türkçülüyü qarışdırmaq olmaz, çünki Türkiyə bir dövlət, türkçülük isə bir ənənədir.
"Türk Dövlətləri Təşkilatı”nı “trolling” edənlər “Russkiy mir” və “Donyaye parsi” ideyasından, ərəblərin “Ərəb Liqası”, fransızların “Frankofoniya”, ingilislərin “Commonwealth” təşkilatlarından heç danışmırlar. Çünki, əgər bu barədə də danışsalar o zaman türkçülüyə qarşı düzənlənən bütün fikirlər, bir anda çökməyə başlar.
Ədalətin əsgəri
Türkçülüyü gözdən salmaq istəyənlər anlamalıdılar ki, döyüşkən türk toplumunun içində onların da həyatı, müdafiəsi, sosial-iqtisadi inkişafı, siyasi gücü qarantiya altına olur.
LGBT-çi və bu qəbilədən olanların baş qaldırdığı dövrdə döyüşçü kişi xarakteri önə çıxmağa başladı. Döyüşlər isə hər zaman pozulmuş dünya nizamını qaydasına salmaq üçün baş verib.
Bu gün döyüş meydanları sadəcə qarşıdurmalar deyil, həm də, həyatın özü ilə mübarizədir. Döyüşlər sadəcə əzmək üçün deyil, həm də qorumaq və qorunmaq üçün, ədalətin bərpası, özünütanıma və özünütanıtmaq üçündür.
Əsl döyüşçü bütün hərəkətlərinə və döyüşün nəticəsinə görə məsuliiyəti gözaltına alır!
Bütün tarix boyu və bu gün də Türklərin etdiyi kimi…
Uğurlu Şərifov
Soydas.az