Şirli keramika üzərində siren motivləri
Şirli keramika üzərində siren motivləri
Azərbaycanın orta əsr şirli keramikası üzərində başı qadın, bədəni quş formasında maraqlı təsvirlərə rast gəlinib. Böyük ehtimalla bu təsvirlərin kökü mifologiyaya gedib çıxır.
Müxtəlif adlarla - simurq, harpi, siren adlandırılan insanbaşlı, quşbədənli əfsanəvi varlığın təsvirini təkcə keramikada yox həmçinin Çində, Tabğac, Buddist, Uyğur və Qaraxanlılarda islam sənətinin miniatürləri arasında da görə bilirik. Ərəb müəllifi Həriri tərəfindən yazılan “Məqaməti-Həriri” adıyla tanınan bir əsərin miniatürləri arasında bu təsvir də mövcuddur. “Siren” sözünün fars dilində otuz rəng anlamı verən “sireng” kəlməsindən gəldiyi güman olunur.
Qeyd edək ki, üzərində siren olan təsvirlərə təkcə Azərbaycandan başqa haqqında danışdığımız dövrdə Mərkəzi Asiya, İran, Türkiyə, Cənubi Qafqaz ərazilərində də istər keramika, istərsə də metal əşyalar üzərində rast gəlinmişdir. Belə ki, Mərkəzi Asiyada torevtika nümunəsi, Böyük Səlcuq dövlətinin tərkibində olmuş Kaşan, Rey şəhərlərində, həmçinin orta əsr Ani şəhərində hazırlanmış keramika üzərində, Türkiyədə Səlcuq sultanı I Keybudağın (1221-1237) inşa etdirdiyi sarayın kaşıları üzərində də rast gəlinmişdir.
Ani şəhərində tapılmış fayans qab üzərində olan siren təsviri başında üç tacın olması ilə fərqlənir. Bunu I Keybudağın inşa etdirdiyi Qubadabad sarayının kaşıları üzərində olan siren təsvirləri haqqında da demək olar.
XII-XIII əsin əvvəli Böyük Səlcuq dövlətinin tərkibində olan Rey, Kaşan şəhərlərində həmçinin Mesopotamiya, Suriyada hazırlanmış fayans qabların üzərində olan siren təsvirləri içərisində isə tacsız və taclı təsvirə təsadüf olunur. Türkiyə ərazisində yerləşən Axtamar kilsəsinin divarları üzərində də harpi-siren rəsminə rast gəlinmişdir.
Siren təsvirlərinə biz İran mifologiyasında rast gələ bilərik. Belə ki, hələ Avestada Saena adı ilə keçir və sanskritcə “siena” kəlməsi doğan mənasını verir. Avestada Saena şəfa verən bir ağac olaraq qəbul edilir və quşun bu ağac üzərində yuva qurduğu hesab edilir.
Yunan mifologiyasında isə siren, qadınbaşlı və quşbədənli təsvir olunur, onun ölən ruhları tanrılara aparan mələk olduğuna inanılır. Hətta biz qədim yunan müəllifi Homerin “Odisseya” əsərində sirenlərin təsvirinə rast gəlirik. Əsərin 12-ci nəğməsində sirenlərin adalarının yanından keçən gəmiləri nəğmələri ilə şirnikləşdirib adaya cəlb edir, sonra məhv etməsi ilə bağlı məlumata rast gəlirik.
İran ədəbiyyatında isə simurq quşunun təsvirinə Firdovsinin “Şahnamə” əsərində görürük. Orada iki simurq quşu var: biri yaxşılığı təmsil edir, digəri isə pisliyi.
Türk mifologiyasında da biz bu əfsanəvi varlığını görürük. Orta əsr türk yazılı abidəsi olan Orxon-Yenisey abidəsinin üzərində olan yazılarda “Umay” adlı ilahə adına rast gəlinmişdir. Orada ilahə Umayın və müqəddəs Yer-Su ruhlarının türklərə kömək etdikləri qeyd olunur. Umay ilahəsi həm də uşaqları himayə edəndir.
Mahmud Kaşğari isə öz əsərində “Kim Umaya sitayiş edərsə, oğlu olar” atalar sözünün işlədir. Artım ilahəsi Umay yeni doğulanların hamisidir, maraqlıdır ki, bu ilahəni də çox zaman qanadlı təsvir edirlər.
Fədlun Əfəndi Umay obrazını İkiçayarasında sitayiş olunan Ay ilahəsi və “Nana” ilə əlaqələndirib. Tədqiqatçı-alim Lalə Avşara görə isə bu əfsanəvi varlığın kökü Ana ilahəyə gedib çıxır, o, tarixin fərqli dövrlərində müxtəlif xalqların mifologiyasında özünə yer tutub. Orta əsrlərdə ruslarda siren fiquru bərəkət və su ünsürü ilə əlaqələndirilir, Slavyan mifologiyasında Dənizqızı kimi də mənalandırılır.
Yuxarıda söylənənlərdən əlavə biz Azərbaycan nağıllarında da Simurq quşu obrazına rast gəlirik. Belə ki, Azərbycan xalq nağılı olan Məlikməmməd nağılında qardaşlarının xəyanəti nəticəsində qaranlıq dünyaya düşən Məlikməmmədi Simurq quşu işıqlı dünyaya çıxarır. Bundan əlavə şifahi xalq ədəbiyyatı nümuəsi olan “Kitabi-Dədə Qorqud” dastanında biz qadınbaşlı, quşbdənli varlığın “pəri” adlandırıldığını görürük və o, dastanda Təpəgözün anası kimi verilir.
Siren obrazı əsas mahiyyət etibarı ilə xeyirxah bir varlıq olaraq səciyyələnərək, insanlara kömək edən, uğur gətirən bir obraz olaraq seçilir. Sözsüz ki, obraz birdən-birə meydana gəlməmişdir. Siren təsvirlərinin qanadlı təsvir olunmasını qadının qoruyucu obraz ilə də əlaqələndirmək olar. Sözsüz ki, zamanla bu obraz da dəyişikliyə məruz qalaraq dövrün bədii təsəvvürünə görə əks olunmuşdur.
Maraqlı məqamlardan biri də odur ki, bu arxeoloji materiallar islam dininin canlı varlıqların təsvirinin çəkilməsini məqbul saymadığı dövrə aiddir. Görünür ki, dinin təsiri zəif olmuş və dövrün sənətkarlarının realistik dünyagörüşünə mane ola bilməyib.
Bu maddi mədəniyyət nümunələri XII-XIII əsrin əvvəli Azərbaycanın dulusçuluq sənəti, bəddi-estetik obrazı, bəddi təfəkkürü haqqında müəyyən təsəvvür yaratmağa imkan verir.
Tarixin fərqli dövrlərində qadınlara müxtəlif obrazlar yüklənib, onlar gah qoruyucu, gah da dağıdıcı qəhrəman kimi görülüblər və bu hələ də davam edir...
P.S. Yazıda təqdim olunan foto Azərbaycan Milli Tarix Muzeyində qorunur.
Aida İsmayılova
tarix üzrə fəlsəfə doktoru, arxeoloq
Soydas.az