Gürcüstanda Gürcü və Türk dostluğuna tarixi rakurs
Gürcüstanda Gürcü və Türk dostluğuna tarixi rakurs
Haqqımızda (Gürcüstan türkləri – azərbaycanlıları ilə bağlı) xoşagəlməz yazıları, davranışları və münasibətlərdəki balansı pozmaqla bağlı cəhdlər təəssüf doğurur. Pisliyə pisliklə cavab vermək xarakterimə uyğun olmadığından, onların bu cəhdlərinə cavab olaraq, özümüzə yaraşan bu metoda üstünlük verməli oldum. Bu səbəbdən, tarixi vərəqləməyə başladım və vərəqlədikcə Gürcüstan türkləri ilə gürcülərin tarixi dostluğuna dair kfayət qədər materiallar və faktlarla rast gəldim.
Yüzillər boyu türklər və gürcülər bir yerdə, əsl dost, qardaş kimi yaşayıb və hər zaman bir-birini qoruyub, bir-birinə əl tutub, düşmənlərə qarşı bir yumruq kimi birləşə bilib, birlikdə döyüşüblər. Ulu babalarımız bir yumruq, tək ürək olmağı yaxşı bacarıblar. Onlar bunları bacarıblarsa, biz də bacarmalıyıq və bacaracağıq da. Yoxsa, bunun üçün hər hanı bir əngəlmi var? Varsa, o hansı əngəldir ki, biz onu görə bilmirik? Bəlkə arada görünməyən əllər var? O əllər, hansılar ki, zaman-zaman dostlar arasında soyuq yellər əsdirir. Fəqət, necə deyərlər, haqq nazilər, amma üzülməz.
Tarixin səhifələrini vərəqlədikcə görürük ki, gürcü-türk dostluğuna xələl gətirmək istəyənlər də, təəsüf ki, buna nail olanlar da çox olub. Bu cür güclər keçmişdə də olub, indi də var, gələcəkdə də olacaqlar. Bu dostluğa paxıllıq edənlər, qısqananlar, dostluğu özlərinə qarşı təhlükə kimi görərək narahat olanlar da var və bundan sonra da olacaqlar.
Ortaya “maşalar” düşdüyü və bu iki dost xalq arasında münasibətlər gərilən zamanlarda, nəticədə, uduzan (farslara, ruslara, ermənilərə) həmişə gürcü xalqı olubdur. Türklər heç vaxt dostluğa, qonşuluğa naxələf çıxmayıb! Onlar, sadəcə, dostundan küsüb, inciyə bilər, arxa çevirərək əlini yelləyib gedə bilər, amma onlardan dostlarına xələl gəlməz. Yəni arxadan xəncərləmək türklərin xarakterinə xas xüsusiyyət deyil.
Kürəyini türkün kürəyinə söykəyən kimsənin kürəyi yerə gəlməz. Gürcü dostlarımız kürəyini türk dostunun kürəyindən çəkdiyi hallarda gücündən güc, malından mallarını itiriblər. Hətta tarix boyu gürcü xalqının, hökmdarlarının və hakimiyyətinin kürəyinin boş olduğunu fürsət bilənlər yağmalamaq, qəsb etmək, gücünü tükətmək üçün əllərindən gələn mümkün addımları əsirgəməmişlər.
İyirminci əsrin görkəmli nasiri, əslən Borçalının Zirək (Serakvi) kəndindən olan, Mixeil Cavaxaşvili yazırdı: “Borçalıda gürcülərlə azərbaycanlılar daim beləcə mehriban dolanmışlar və bu, hər zaman da paxılların qəlbində ağır dərdə çevrilmişdir”.
İki millətin dostluq tarixinin uzaq və yaxın keçmişinə birgə qısa səyahət etməklə, bir-birinə necə arxa-dayaq olduqlarına nəzər yetirək.
Miladdan öncə 330-cu illərdə fateh Məqdunyəli İsgəndərin İberyəyə yürüşləri ilə bağlı qədim dövrdən bəhs edən gürcücə yazılmış “მოქცევაი ქართლისაი” (“Moktsevai Kartlisai” – “Gürcüstanın dönüşü”) salnaməsində yazılır: “Şah İskəndər öncə Kür axarı boyunca dörd qəsrdə (Sərkin, Kaspi, Örbənis, Özərək) və onların yan-yörələrində yaşayan qəzəbli buntürklərə rast gəldi, heyrətləndi və onlarla mücadələyə qadir olmadığını düşünüb, uzaqlaşdı”.
Gürcü Leonti Mrovelinin (Mrovlunun) xronikasından: “Gürcülərlə türklər bir-birinə dəstək məqsədiylə birləşdilər”. Bu kimi hallar “Gürcü şahlarının yaşamı” salnaməsində də öz əksini tapmışdır.
Gürcüstan ərazisində türk tayfalarının qədimdən yaşadıqlarını, 765-ci ildə Gürcüstanın şərqində ərəblərə qarşı qanlı savaşlarda türklərin gürcülərlə bərabər vuruşduqlarını, 11-13-cü yüziliklərdə Gürcüstanın şərqinin “Didi Turkoba” (Böyük Türklük) adlandığını təsdiqləyən kifayət qədər qaynaqlar (gürcü dilində Kartlis Sxovreba – Gürcüstanın Yaşamı və s.) var.
1121-ci ildə baş verən “Didqori döyüşü”ndə qalib gələn ordunun tərkibinin 75%-i qıpçaq türkləri olub. IV Davidin 5 minlik mühafizə dəstəsi bütünlüklə türklərdən ibarət idi. Qıpçaq türkləri dost olaraq qəbul etdikləri gürcü xalqı ilə işğala qarşı birləşərək digər türk soylu Səlcuq türkləriylə vuruşmuşlar. Bu fakt özü də göstərir ki, biz dost sözünü tutmuş və dostu heç zaman darda qoymamışıq.
Biz, 1920-ci ildən bu yana “Daşnak ordusu” ilə “Qızıl Ordu”nun cəhdlərinin nəticəsində Dağ Borçalısının, Lorunun çox böyük hissəsini (Noyemberyan (Şınıx), Tumanyan (Sənahin), Stepenavan (Cəlaloğlu), Voronsovka-Taşır (Sovet dönəmində Kalinino) rayonları əraziləri) itirdik. Qədim Lorunun mərkəzi Cəlaloğlu (Stepanavan) olmaqla, bir tərəfi Qarakilsə (Kirovakan), bir tərəfi isə Gümrüyə (Leninakan) qədər uzanırdı.
Bu yerdə tərixçilərimizin də əsaslandırdığı bir haşiyə çıxmaq istəyirəm. Bu gün dilmizdə geniş işlənən “Loru dili” ifadəsi də bu torpağın adıyla bağlıdır. “Loru dilində danış” ifadəsi sadə xalq dilində danışmağı nəzərdə tutur. Loru yurdları Oğuz ellərinin, elatlarının yurdu olduğu kimi, “loru dili” də Oğuz elatının dilidir, Dədə Qorqud dilidir.
Qəribədir ki, 1944-cü ildə türkləri Mesxet-Cavaxetdən sürgün edən Stalin-Beriya dəstəsi “mikoyanların” sonradan o torpaqlara erməniləri yerləşdirəcəklərini ağıllarına belə, gətirməzdilər. Onların bu səhvi bu günədək gürcü xalqı üçün əsl baş ağrısı oldu. Ermənilər həmin torpaqları Gürcüstanın yox, Ermənistanın ərazisi kimi qələmə verirlər. 1920-ci illərdən başlayaraq, bu proses Borçalıda da gedir.
Gürcü dostlarımız gec-tez anlamalıdılar ki, Gürcüsanda biz aborigen türklərin zaman-zaman ayrı-ayrı qüvvələr tərəfindən sıxışdırılması və küsdürülməsi onlara veriləcək dəstəyin zəifləməsi deməkdir. Heç kim unutmamalıdır ki, tarixən o torpaqları işğalçılardan gürcülərlə bərabər Borçalı türkləri qoruyub və bu gün də onlar belə bir şərəfli yükü öz üzərlərində daşıyırlar.
Gürcüstan türkləri arasında torpaq-yurd qeyrəti çəkməyənlər əsl kişi hesab olunmurlar. Məncə, bu gün güclü birliyə çevrilmiş Gürcüstan-Azərbaycan dostluğuna kimsə xələl gətirə və əl uzada bilməz.
Konstantin Sadovski Gürcüstan türklərni igid, qeyrətli xalq kimi öyərək, yazmışdı: “Onlar dostluğu qorumağa və təsdiqləməyə qadirdirlər, qonaqpərvərdirlər, ürəyiaçıqdılar”.
Bəli, Gürcüstan türklərini nəfəs verən, yaşadan – çörəkdən, sudan, havadan öncə – qeyrətdir! Gürcüstan türkləri şərəfi, ləyaqəti, qonaqpərvərliyi ilə hər zaman özünəməxsusluğunu ortaya qoymağı bacarmış bir xalq olub.
Bununla belə, türklər nə qədər ürəyiaçıq olsalar da, bundan sui-istifadə etmək istəyənlərə qarşı, haqsızlığa qarşı da onların içində kök salmış bir müqavimət gücü də vardır – bu güc iradə, əxlaq, mədəni irsin qorunması, dostluğun dəyərləndirilməsi, yaşadığı torpağı sevməsi və ona arxa çevirə bilməməsi, etnik millətlərlə və qonşularla əsl qonşuluq edə bilməsi, ən əsası, gürcü millətinin irsini, musiqisini, adət-ənəsini dəyərləndirməsi və Gürcüstan dövlətinin bütün atributlarını ürəkdən sevmək xüsusiyyətinə, malik bir xalqdır.
Türklərlə gürcülərin dostluğu əbədidir!
თურქების და ქართველების მეგობრობა მუდმივია!
Tarixi dostluğumuza sayğı və hörmətlə,
Müəllif: Namiq Veysəl
SOYDAŞ İctimai Birliyinin idarə heyətinin üzvü
Soydas.az