Milli kimliyi qoruyan əsas faktorlar haqqında

image

Gürcüstan prezidenti Salome Zurabişvili “Gürcüstana doğru” memuar xarakterli kitabında daha çox nəslinin, özünün həyatı, karyerası haqqında yazıb.

 Kitabda qeyd olunan əsas nüanslardan biri də budur ki, gürcülərin birlik ola bilmə bacarığı, çəkici lazım olan yerdə bir yerə vura bilmələri bu xalqın əsas özəlliklərindən biridir. Gürcü xalqının bu özəlliyi məni daha çox duşünməyə vadar edir.

Müəllifin də qeyd etdiyi kimi, gürcülər dünyanın harasında yaşamalarından asılı olmayaraq, gəldikləri yeri, öz vətənlərini heç vaxt unutmayıblar. Hətta, SSRİ dövründə belə bu sistemin nə vaxtsa dağılacağını düşünərək, yenidən Gürcüstan torpaqlarına qayıda biləcəkləri ümidi ilə yaşayıblar.

Xanım prezidentin xatirələrindən öyrənirik ki, Fransada yaşayan gürcülər bazar günləri, dini bayramlarda kilsələrdə bir araya gəliblər, birlikdə olmağa can atıblar, bu birliyi qoruyub saxlayıblar. Bir çox milli adət-ənənələrini Gürcüstandan çox uzaqlarda olsalar da qoruyub-saxlayıb, yaşadıblar. Təbii ki, bu həm də onların mühacir həyatı ilə bağlı olub. İnsan vətəndən kənarda olanda sanki onun mühafizəkarlığı daha da artır, adət-ənənələrə daha çox bağlanır, öz milli və dini kimliyini daha çox qorumağa çalışır.

Təbii ki, milli kimliyi qoruyan bir çox faktorlar da mövcuddur.

Əvvala, gürcülər bizim qədər əlifba dəyişikliyinə məruz qalmayıblar. Ötən əsrdə gürcülərdən fərqli olaraq, biz dörd dəfə əlifba dəyişikliyinə məruz qalmışıq. Hər dəfə də yazılı irsimizin böyük bir qismi it-bata düşüb.

Bu, millət üçün çox önəmli faktordur. Milləti yaşadan onun dilidir. Bu gün də gürcülərin dillərinə münasibəti, yüksək dəyər vermələri çoxumuza məlumdur.

Etiraf etməliyik ki, həm gürcülər, həm də bizə qarşı daima düşmən mövqedə olan ermənilər təşkilatlanmağı, birləşməyi daha yaxşı bacarıblar. Sayları az olsa da, daima mütəşəkkil ola biliblər.

Hələ orta əsrlərdən başlayaraq, kilsə ətrafında birləşiblər. Kilsələr onlar üçün sadəcə dini ibadət yerləri yox, həm də ideoloji baxımdan bir mərkəz rolunu oynayıb. Bu isə onların birlik olmalarında əsas rol oynayıb.

Bu gün öz vətənindən uzaqda, xarici ölkələrdə yaşayanlar diaspora təşkilatları ətrafında birləşərək, fəaliyyət göstərirlər. Onlar yaşadıqları ölkələrdə həm öz mədəniyyətlərini tanıdırlar, həm də orada “əriyib” yox olmamaq üçün birliklərini qoruyub saxlayırlar.

“Diaspor” sözü yunan dilindən gəlir, yunanların öz şəhərlərindən uzağa gedib koloniyalar salmasını bu sözlə  ifadə edirdiər. Maraqlıdır ki, yunan mədəniyyəti  həm də o koloniyalar vasitəsi ilə yayılırdı və onun izləri antik dövrün  maddi mədəniyyətində özünü açıq-aşkar göstərir.

Unutmayaq ki, tarixən də ən böyük ekspansiyalar mədəni yolla edilib. Daha güclü mədəniyyətə sahib olanlar zəifləri öz içlərində əridib tarixin “arxivi”nə göndəriblər.

***

Bu günlərdə ortaq türk dili əlifbasının yaradılması gündəmdədir. Əlbəttə ki, ortaq əlifbanın yaradılması müsbət addımdır. Bu addım Türk dövlətlərinin vahid dil birliyinə nail olması üçün gözəl təşəbbüsdür. Lakin əsas məsələ onun işlək hala gətirilməsi və tətbiqidir. Düşünürəm ki, bu istiqamətdə davamlı iş aparılarsa, nəticəyə da vara bilərik. Ortaq türk dilində daha yaxşı anlaşmamız üçün isə dilimizdə unudulmuş, arxaizmə çevrilmiş türk sözləri yenidən qaytarılmalıdır.

Xalq o zaman güclü olur ki, öz dilinə, mədəniyyətinə, keçmişinə sahib çıxır. Onu qoruyur və təkcə bu günlə yaşamır. Köklü keçmişə sahib olan xalqlar isə, həm də güclü gələcək inşa edə bilirlər.

Soydas.az

Paylaş:

Xəbər lenti