Milli kimlik axtarışı…

image

İnsan doğulan gündən aid olduğu toplumun kimlik şüuruna da sahib olur. Bir çoxunuz cəmiyyətin tabulaşmış qayda-qanunlarını sorğulamadan olduğu kimi qəbul edirik və həyatımıza davam edirik. Amma bəzən zamanla hər bir şeyə münasibətimiz də dəyişə bilir, bəzi şeyləri daha dərindən öyrənməyə çalışırıq.

Bəşəriyyət uzun və çox ağrılı tarixi bir yol keçib. Xalqlar öz milli kimliklərini qoruyub saxlamaq üçün saysız-hesabsız mücadilələr verib. Bir çox xalqlar öz milli kimlik problemlərini həll etmiş olsalar da, bu mərhələni keçə bilməyən, mücadiləsi bitməmiş xalqlar da kifayət qədərdi.

Tarixin ilkin mərhələsində insan özünün sadəcə gündəlik yemək və təhlükəsizliyini düşünürdü. Bəs milli kimlik şüuruna sahiblənmək, cəmiyyətin ümumu maraqlarına xidmət anlayışları necə formalaşdı?

 Livan əsilli fransız yazar Amin Maaloufu Azərbaycan oxucusu daha çox “Səmərqənd” əsəri ilə tanıyır. A.Maalouf 1949-cu ildə Beyrutda anadan olub, 1975-ci ilə qədər Livanda jurnalist kimi fəaliyyət göstərib. Elə həmin ildə Livanda vətəndaş müharibəsi başlayıb və o, Fransaya köçərək fəaliyyətini orada davam etdirib.

Maraqlıdır ki, A.Maaloufun ana tərəfdən türk qohumluğu da olub. Ərəb coğrafiyasında doğulub, Qərb coğrafiyasında yaşayan A.Maaloufun milli kimlik məsələlərilə bağlı “Ölümcül kimliklər” adlı maraqlı kitabı da var. 1998-ci ildə yazdığı bu kitabda müəllif insanın dini, etnik, mədəni kimlikləri niyə seçdiyini, buna hansı amillərin təsir etdiyini geniş şəkildə işıqlandırıb.

Çöx maraqlıdır ki, müəllif əslində etnik kimliyi əsas kimi qəbul etmir, insanı daha çox bəşəri olaraq görür. Dinlərin müxtəlif xalqların mədəniyyətinə təsir etdiyi kimi, xalqların da dinlərə təsirini qeyd edir. O, dinlərin içində islam dinin daha çox tolerant din olduğunu da xüsusi vurğulayır.

 A.Maalouf daha çox xalqaların dil məsələsini önəmli sayır. O, xalqın dilinin var olmasını əsas hesab edir. Əslində, müəllif bu məsələdə haqlıdır, dili ölən xalqlar öz mövcudluğunu da qoruya bilmir.

A.Maaloufa görə, müasirlik, yeniliklər daha çox yad mədəniyyətlərin təsirilə gəldiyindən ilkin vaxtlar qəbul edilmir, ona qarşı çıxışlar, etirazlar olur. Cəmiyyət daha çox öz fərqliliyini qoruyub saxlamaq istəyir.

 Kitabda daha çox insanın cəmiyyətdə ləyaqətli bir şəkildə yaşamasına xüsusi əhəmiyyət verilir, insan həyatını ləyaqətlə yaşamalı olduğu önə çəkilir. Lakin təəssüf ki, dünyada baş verən proseslərə Qərbin liberal demokratiyası çərçivəsində baxan A.Maalouf, Qərbin də iştirakı ilə baş verən ədalətsizlikləri görmək istəməyib, onlara əsla toxunmayıb.

 Müasir dünyada “Soyuq müharibə”dən sonra daha çox milli, etnik, dini qarşıdurmalar yaşandı, bu gün də yaşanmaqdadır. Fukuyama “Tarixin sonu”nu yazsa da son yoxdur, mübarizə davam etməkdədir. Dünyadakı gizli güclər özlərinə lazım olanda bir kimliyi öldürüb, başqa birini yarada bilirlər.

Milli kimlik problemi Azərbaycan üçün də keçərlidir, biz hələ də bunun müzakirəsini aparırıq...

Aida İsmayılova

tarix üzrə fəlsəfə doktoru, arxeoloq

Soydas.az

Paylaş:

Xəbər lenti