Şərq geridədi, yoxsa Qərb çox irəlidə? - Aida İsmayılova yazır

image

Tarixən Qərb dünyası üçün Şərq hər zaman maraqlı olub.  Uzaq, Yaxın və Orta Şərq kimi bölgülərlə adlandırılmış bu ərazilər Qərb İnstitutları tərəfindən ciddi şəkildə daima araşdırılıb, saysız-hesabsız kitablar yazılıb.

 Bu gün bu cür araşdırmalar daha ciddi və elmi şəkildə aparılır, tədqiq olunur. Şərq dünyası isə özünü, öz dəyərlərini çox az şəkildə öyrənib, yaxud da Şərqin bir çox dəyərlərini biz Qərbdəki araşdırmalardan öyrənə bilmişik. Biz özümüzü öyrənməyə nədənsə az maraq göstərmişik.  

Yaxın Şərq, İslam tarixi, eləcə də Qərb-Şərq əlaqələri üzrə ciddi araşdırmaçılardan biri tanınmış şərqşünas Bernard Lyuisdir. Yəhudi əsilli şərqşünas Lyuis həm də Atatürk Sülh mükafatı ilə təltif olunub.

Bernard Lyuis 1993-1994-cü illərdə qondarma “erməni soyqırı”mının olmadığını, Osmanlı imperiyasının erməniləri “yox etmək” planı haqqında arxivlərdə heç bir sənədin tapılmadığını qeyd etmişdi. Lakin o, 1966-cı ildə yazdığı “Müasir Türkiyənin doğuşu” kitabındakı bəzi faktlara 2002-ci ildə kitab yenidən nəşr olunduğu zaman bəzi düzəlişlər də etmişdi.

Onun müəllifi olduğu kitablardan biri “What Went Wrong? Western Impact and Middle Eastern Response” (Müsəlmanlar nədə səhvə yol verdi?) kitabıdır.

Müəllif bu kitabında Qərb-Şərq münasibətlərini Osmanlı imperiyası üzərindən izah etməyə çalışıb. O, Qərbin Şərqə təsirlərini də Osmanlılar vasitəsilə ötürülürdüyünü vurğulayıb. Tarixin dərin qatlarına enərək, bu günkü hadisələrə də aydınlıq gətirməyə çalışıb.

 Əslində, bu günkü hadisələrin səbəb və nəticələrini bilmədən tarixə doğru qiymət vermək olmaz.

Müəllif yuxarıda qoyduğu sualın cavabını, Avropanın bir çox sahədə inkişafını,  Osmanlı imperiyasının daha çox geridı qalması ilə izah edir.

Yəni Şərq elmi, Qərbdə sürətlə baş verən texniki tərəqqiqdən geri qaldı.

Xaçlı yürüşlərində səlibçilərin gəlib heyran olduğu, cənnət kimi gördüyü Şərq, bu günün Avropasından çox geridə qalmış, sanki ayrıca bir “dünya”dır. Bu gün Avropa hətta sosial, siyası və iqtisadi birliyini yaradaraq, Şərq insanını öz ərazisinə xüsusi viza ilə qəbul edir. Bu anlaşılandı təbii ki, müasir dünyanın öz qayda-qanunları mövcuddur. Lakin acı reallıq odur ki, bu gün Şərq insanının böyük əksəriyyəti, Qərb dəyərlərinə, Qərbdəki sosial təminatı və insan azadlıqlarını daha cəlbedici görür, bura can atır.

Müasir dövrü mədəniyyətlərin qarşıdurması kimi səciyyələndirməyə çalışırlar, Əslində isə, bu gün daima miqrasiyalar, mədəni ticari əlaqələr mədəniyyətlərə qarşılıqlı təsir göstərir. Bəzi hallarda isə, bu mədəniyyətlər arasında soyuqluq yaranır, düşmənçilik ab-havası hökm sürür. Heç şübhəsiz ki, bu cür hallar arzuolunmayan təbliğatların nəticəsində yaranan faktordur.

Bir məsələni unutmaq olmaz ki, bütün bölgülər, irqi və dini ayrı seçkiliklər, təsnifatlar məhz insan beyninin məhsuludur. Əksər hallarda Şərqin geriliyini daha çox islam dini ilə bağlayırlar. Lakin bir düzəlişə ehtiyac var ki, problem islam dinində yox, bu dini yanlış təbliğ edib, insanları dini buxovda saxlayanlar daha çox günahkarlardı.

Şəxsən mən, Şərqlə Qərbi fikir olaraq ayrı yox, bütövün iki yarım hissəsi kimi görürəm. Qərb soyuqqanlılığı ilə Şərq istiqanlılığı bir-birini tamamlayır. Qərbin də qaranlıq dövrləri olub, amma onlar bunu keçə biliblər. Şərq öz içindəki qaranlıqdan daha çox elmi inkişaf etdirərək çıxa bilər; Qərb məhz orta çağ dövrünün qaranlığından belə aydınlana bildi.

Üstəlik, insanların hüquq və azadlıqları təmin olunmaqla, hər cür ayrı-seçkiliyə də son verilməlidir. Bu Şərqi geridə saxlayan əsas səbəb olmamalıdır.

 

Aida İsmayılova

tarix üzrə fəlsəfə doktoru, arxeoloq

Soydas.az

Paylaş:

Xəbər lenti