Biz cəmiyyət ola bilmişikmi?
Biz cəmiyyət ola bilmişikmi?
Cəmiyyətin tərifini adətən belə ifadə edirlər; cəmiyyət insanların birliyi olub, özündə cəmiyyətin siyasi-iqtisadi, sosial-mədəni həyatını birləşdirən qeyri-dövlət strukturudur. O, müxtəlif maraqlara sahib olan insanların müəyyən yaşayış məskənlərində sivil əlaqə və ünsiyyət formasıdır.
Cəmiyyət, insanın heyvanlar aləmindən qopmağa başladığı andan formalaşmağa başlayıb və uzun bir yol keçərək, bu günə gəlib çıxıb, post-sənaye dövrü kimi şəkillənməyə də davam edir.
Ən qədim cəmiyyət ovçu və yığıcıların yaratdığı bir cəmiyyət idi, daha sadə və qarışıq olmayan qayğılarla yaşayırdılar. İnsanlar gündəlik qida ehtiyacını əldə edib, öz mağara və ya düşərgəsində növbəti ovunu planlayırdı.
İnkişaf özü ilə yeniliklər, daha çox məhsuldarlıq gətirsə də, insanın rahatını da pozdu, Boş zamanının da böyük hissəsini əlindən aldı. Təbii ki, ibtidai dövrü insanı ilə sənaye dövrü insanının tələbatları, həyat tərzi, düşüncəsi və s. eyni ola bilməz. Bu gün isə bütün bəşəriyyət texnologiya dövrünün yaratdığı cəmiyyət formasını alıb.
Gələk özümüzə... Biz cəmiyyət kimi formalaşmışıqmı?
Məncə, yox. Çünki biz hələ də dar çərçivədə düşünürük, hadisələrə ümumi cəmiyyətin gələcəyi prizmasından baxa bilmirik. Necə ki, “təki zibil mənim evimdə olmasın” düşüncəsi ilə parkları, yolları, istirahət məkanlarını zibilləyirik, eləcə də ətrafda gördüyümüz mənfi, hadisələrə susuruq.
“Əsas bizim üçün yaxşıdırsa, qalanlar necə olur olsun!” - prinsipindən hələ də qurtara bilməmişik. Sağlam tənqidi nə bacarmırıq, nədə ki, onu qəbul edə bilmirik. “Yola ver!”- düşüncəsi ilə elə həyatımızı da yelə verib yaşayırıq.
Halbuki, normal cəmiyyətlərdə insanların təsir gücü var, axı insanlar robot deyil ki ancaq quru qanunlarla, hansısa əvəlcədən hazırlanmış proqramlarla yaşasın. Toplum dinamikdir, inkişafdadır. Hər bir yenilik, dəyişiklik onun sosial, siyasi, iqtisadi sahələrində özünü göstərir.
Cəmiyyəti qanunlarla idarə etməyə cəhd edən ilk hökmdar Şumer şəhər dövlətinin hökmdarı Urukaqina olub. Təxminən 4 min il əvvəl qanunlar da verib. O vaxtdan nə qədər qanunlar qəbul edilib, hamısı da insanları, cəmiyyəti idarə etmək və nəzarətdə saxlamaq üçün. Dəyişən isə formadı, məzmun eynidir. Biz hələ anlamırıq ki, hamımız eyni gəmidəyik, batanda da bir yerdə batacağıq.
Alman sosial psixoloq, psixoanalitik Erix From “Sağlam cəmiyyət” kitabında yazır: “Sağlam cəmiyyət fərdin insanları sevmək qabiliyyətini inkişaf etdirir, yaradıcı əməyi, ağılın inkişafını, obyektivliyi, yaradıcı gücün hiss edilməsinə söykənən "mən"inə sahib olmasını stimullaşdırır. Xəstə cəmiyyət isə qarşılıqlı düşmənçiliyi, inamsızlığı yaradır, insanı istismar və manipulyasiya obyektinə çevirir, başqalarına tabeçilik xassələrini saxlamaqla onu öz mənindən məhrum edir. Cəmiyyət hər iki funksiyanı daşıya bilər: həm insanın sağlam inkişafına kömək edə bilər, həm də ona mane ola bilər”.
Yuxaırda yazılanlar üzərində düşünəndə özünə sual verirsən ki, biz sağlam, ya xəstə cəmiyyətik?
Cavabı isə əslində hamımız bilirik... Xəstəliyi isə gizlədərək sağaltmaq mümkün deyil.
Aida İsmayılova
tarix üzrə fəlsəfə doktoru, arxeoloq
Soydas.az