Bu gün böyük Azərbaycan şairi Şəhriyarın doğum günüdür

image

Bu gün böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 118-ci ildönümü tamam olur. Məhəmmədhüseyn Şəhriyar 1906-cı ildə Təbriz şəhərinin Bağmeşə bölgəsindəanadan olub. İranda Azərbaycan dilində təhsil verən məktəb olmadığı üçün orada yaşayan bütün soydaşlarımız kimi, Şəhriyar da təhsilini fars dilində alıb, gənc yaşlarından fars dilində gözəl şeirlər yazıb.

O, Təbrizdə orta təhsil alaraq Tehran Universitetinin tibb fakültəsinə daxil olub. Təhsilini yarımçıq qoysa da, dahi şair xalq təbabətinə dərindən bələd olduğu üçün həkimliklə də məşğul olub.

Şəhriyarın ilk şeir kitabı 1931-ci ildə Tehranda üç böyük şair və alimin – Məlikü-şüəra Baharın, Səid Nəfisinin və Peyman Bəxtiyarinin müqəddimələri ilə nəşr olunub.

Bir gün anası Şəhriyara deyir: «Oğlum, analar dilsiz uşaqlarını belə, dilindən anlayırlar. Sən şeirlərini hansı dildə yazırsan ki, mən onlardan bir şey anlamıram?» Doğma anasının bu sözləri şairə təsir edir, o sanki yuxudan ayılır. Çox keçmir ki, Şəhriyar özünün dillər əzbəri olan «Heydərbabaya salam» əsərini yazır. Şair deyirir ki, «Heydərbabaya salam» əsərini yazana qədər elə bil ürəyimdə bir tikan ilişib qalmışdı. Nədən yazsam da, necə yazsam da, ürəyimdən bu tikan çıxmırdı ki, çıxmırdı.

«Heydərbabaya salam» əsəri ustad şairin yaradıcılığında bir dönüş nöqtəsi olur. Heydərbaba dağ adıdır. Şəhriyarın uşaqlığı Heydərbaba dağının ətəklərində — ata-baba yurdunda keçmişdi.

«Heydərbabaya salam» poeması Şəhriyara böyük şöhrət gətirib. Bu əsər, eyni zamanda Cənubi Azərbaycanda anadilli ədəbiyyatın, xüsusilə şeirin inkişafına geniş yol açıb.

Məhəmmədhüseyn Şəhriyarın xatirəsi ədəbiyyatsevərlərin ürəyində əbədi yaşayır və sevilir. O, 18 sentyabr 1988-ci ildə 82 yaşında Təbrizdə vəfat etsə də, o gün hər il İranda “Milli şeir günü” kimi qeyd edilir.

Soydas.az

Paylaş:

Xəbər lenti