İstanbulda 28 May - Müstəqillik Günü qeyd edilib
İstanbulda 28 May - Müstəqillik Günü qeyd edilib
Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) və İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin (İSTAD) birgə təşkilatçılığı ilə baş tutan tədbirdə əvvəlcə iki qardaş ölkənin dövlət himnləri səsləndirilib, şəhidlərin əziz xatirəsi yad olunub.
Soydas.az xəbər verir ki, tədbirdə Azərbaycanın müstəqillik tarixinə həsr olunan videoçarx nümayiş etdirilib.
Dərnəyin Baş katibi Metin Yıldırımın təqdimatı ilə keçirilən tədbirdə çıxış edən dərnəyin sədri Səfər Qaraqoyunlu, Azərbaycanın İstanbul şəhərindəki Baş Konsulluğunun konsulu Cavid Ələkbərov və TADEF sədrinin müşaviri Pərviz Məmmədzadə Azərbaycanın müstəqillik yolunda keçdiyi çətin və şərəfli yoldan danışıblar. Bildirilib ki, tarix boyu heç bir əsarətə boyun əyməyən Azərbaycan xalqı daim öz müstəqilliyi uğrunda mübarizə aparıb, bu yolda minlərlə şəhid verib. Dünya hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsi nəticəsində əldə edilən tarixi Zəfər Azərbaycanın əzminin və cəsarətinin ən bariz nümunəsidir. Bu gün Qafqazın parlaq ulduzu olan Azərbaycan dünya dövlətləri arasında söz sahibinə çevrilib.
Türkiyə-Azərbaycan qardaşlığından bəhs edən natiqlər tarixin dərinliklərindən gələn bu birliyin gələcəkdə daha da güclənəcəyinə əminliklərini bildiriblər.
Bayram proqramı bədii hissə ilə davam etdirilib.
Soydas.az