Festivalda Ülvi Bünyadzadənin şeirləri qələm dostları tərəfindən səsləndirildi
Festivalda Ülvi Bünyadzadənin şeirləri qələm dostları tərəfindən səsləndirildi
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əsas binasının önündəki Elmlər Akademiyası parkında III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının növbəti paneli şair, 20 yanvar şəhidi Ülvi Bünyadzadənin xatirəsinə və 55 illik yubileyinə həsr olunmuşdu.
Soydas.az xəbər verir ki, tədbir Ülvi Bünyadzadənin yazmış olduğu və gənclərin dillər əzbərinə çevrilmiş AND-ı ilə başlayıb.
Tədbirin aparıcısı İlqar İlkin bildirib ki, Azərbaycanın azadlıq mücadiləsində rolu olan Ülvi Bünyadzadə öz şeirləri, esseləri və hekayələrilə də bu gün ədəbiyyatımızı zənginləşdirir. Onun ANDı və vətənpərvər ruhda yazdığı şeirlər gənclərin ürəyində əsl qığılcım oldu, milli təəssübkeş bir gənc nəslin yetişməsində gerçəkdən əsl ilham qaynağına çevrildi.
Tədbirdə çıxış edən ədəbi tənqidçi Nərgiz Cabbarlı, Krımlı yazar və jurnalist Zera Bəkirova, şairə Rəsmiyyə Sabir Ülvi Bünyadzadənin yaradıcılığı ilə bağlı öz fikirlərini bildirib, onun daha çox sevilən şeirlərini səsləndiriblər.
Tədbirdə çıxış edən Aytən Qurbanova, Şəhla Məcidova, Natavan Bağırova, Şəfa Vəli və Şaxanım Bayraməli Ülvi Bünyadzadənin vətən və sevgi haqqında yazdığı şeirləri səsləndiriblər.
Tədbirin sonunda prof.dr. Almaz Ülvi tədbirin təşkilatçılarına və tədbir iştirakçılarına ailə adından öz təşəkkürünü bildirib.
Qeyd edək ki, festival Beynəlxalq Türk Müəllifləri Birliyinin (BTMB) təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət komitəsi, TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, AMEA, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TİKA və digər qurumların dəstəyi ilə təşkil olunmuşdu.
Soydas.az