Şuşada Xarı bülbül festivalı keçirildi
Şuşada Xarı bülbül festivalı keçirildi
Mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa “Xarıbülbül” musiqi festivalına ev sahibliyi edir. Qədim mədəniyyət beşiyi olan Şuşa 29 ildən sonra yenə doğmalarını, qonaqlarını qarşılayır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada Cıdır düzündə təşkil olunan “Xarıbülbül” musiqi festivalına gəldilər.
Dövlətimizin başçısı festivalın açılışında çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
- Əziz dostlar, bu gün ölkəmizin tarixində əlamətdar bir gündür. Uzun fasilədən sonra Cıdır düzündə - hər birimiz üçün müqəddəs olan Şuşada “Xarıbülbül” festivalı keçirilir. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
Biz bu günü 30 il səbirsizliklə gözləmişik, 30 il Vətən həsrəti ilə yaşamışıq. 30 il ədalətsizliklə barışmalı olurduq, amma barışmırdıq və hər dəfə deyirdik ki, bu vəziyyətlə biz heç vaxt barışmayacağıq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik və bunu etdik. Uzun fasilədən sonra bu il birinci dəfə keçirilən “Xarıbülbül” musiqi festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq. Xalq birləşdi, xalq həmrəylik göstərdi, bir yumruq kimi birləşdi və bu Qələbəni Azərbaycan xalqı qazandı. Bu, bizim hamımızın qələbəsidir. Mən xahiş edirəm ki, Vətən müharibəsində həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək. Builki festival Azərbaycanda yaşayan xalqların nümayəndələrini əhatə edir. Bugünkü festivalda ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri çıxış edəcəklər. Bu tövsiyəni festivalın təşkilatçısı olan Heydər Əliyev Fonduna mən vermişdim, çünki Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Təsadüfi deyil ki, birinci festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələri çıxış edəcəklər və bir daha biz bütün dünyaya buradan – Şuşadan, qədim torpağımızdan mesaj veririk. Ölkələr belə inkişaf etməlidir, ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur. Biz dünyanın müxtəlif yerlərində baş verən hadisələri izləyirik, görürük və deyə bilərəm ki, bir neçə il bundan əvvəl bu gün mövcud olan vəziyyəti görürdük. Ona görə həm ölkə daxilində, həm beynəlxalq müstəvidə, o cümlədən ölkəmizdə keçirilmiş çoxsaylı tədbirlərdə multikulturalizmi təbliğ edirdik, müxtəlif xalqların birgəyaşayışını təbliğ edirdik və deyirdik ki, bu, mümkündür. Azərbaycanın timsalında deyirdik ki, bu, mümkündür və göstərirdik, öz təcrübəmizi bölüşürdük, öz fikirlərimizi bölüşürdük və hesab edirəm ki, bizim bu səylərimiz nəticə verdi. Çünki bu gün dünyada bu məsələ ilə bağlı daha dəqiq təsəvvür vardır.
Soydas.az