Emin ağa Acalovun məzarı ziyarət olunub
Emin ağa Acalovun məzarı ziyarət olunub
Bir qrup Borçalı əsilli ziyalılar Qazax rayonu şəhər qəbristanlığında Borçalı Qarapapaq Türk Cümhuriyyətinin qurucusu, Qars Milli İslam Şurası Ümumi Mərkəzinin başçısı, Qars Milli İslam Şurası Hökuməti başçısının müavini Emin bəy Acalovun ( Emin ağa Borçalı) məzarını ziyarət edib.
Tədbirin təşkilatçılarından biri Namiq Veysəl Soydas.az-a bildirib ki, Gürcüstanda fəaliyyət göstərən təhsil və inteqrasiya mərkəzlərinin əməkdaşları ilə birgə təşkil olunmuş bu ziyarətin əsas məqsədi XX əsrin əvvəllərində Borçalının və bölgənin aktiv və mübariz qəhramanı olan Emin ağanın xatirəsini əziz tutmaqla, onun irsinin sahiblənməsi və yaşadılmasıdır.
Qeyd edək ki, Emin ağa Acalov 1868-ci ildə Borçalıda Kəpənəkçi kəndində Hacallı nəslindən Ağanın ailəsində anadan olub və 1937-ci ildə Qazax rayonunda vəfat edib.
Emin ağanın uşaqlığı Kəpənəkçi kəndində keçib. Uşaqlıqda 4 il dini təhsil almış, Quranı və ərəb əlifbasını öyrənmişdir. Yeniyetmə çağlarında gimnaziya təhsili alaraq rus dilini öyrənir. Sonra Ağbulaqda Meşə akademiyasını bitirir.
Emin ağa 1905–1907-ci illərdə Borçalıdan Abdallı kor İsmayıl, İsrafil ağa, Astan ağa, Darvazlı Mehralı, Cöyrə oğlu Qara və s. birlikdə Tiflisdə, Yekaterinfilddə (indiki Bolnisi), Xaçında və Şulaveridə xeyli sayda erməni quldurunu qətlə yetirir.
1907-ci ildə ruslar Borçalıya ordu yeridib burada hərbi vəziyyət yaradırlar. Bu rejim 1912-ci ilə kimi davam edir. Emin ağanın dostu qaçaq Abdallı kor İsmayıl onunla birgə qaçaqçılığa başlamağa, digər dostu, keçmiş qaçaq sonra isə Osmanlı ordusunun minbaşısı Darvazlı Mehralı Paşa isə onu Osmanlı ordusunda xidmətə çağırır. Emin ağa hər iki təklifdən imtina edərək, Borçalıda qalacağını bildirir.
17 dekabr 1917-ci ildə ermənilər qəfildən Borçalıya hücum edirlər. Sadaxlı, Ləmbəli, Dəmyə Gorarxlı, Saral, Ağammədli və s. kəndlərdə savaş daha şiddətli idi. Emin ağanın da iştirak etdiyi savaşda Borçalılar ermənilərə böyük itki verdirib geri çəkildilər. Həmin ilin 30 dekabrında Borçalının dağ Borçalı adlanan hissəsi Loru, Pəmbək və Cəlaloğlu rus hakimiyyəti tərəfindən neytral zonaya çevrilir və bir il sonra Ermənistana verilir.
1916–1917 ci illər arasında Emin ağanın Yekaterinfilddə məskunlaşmış almanlarla üç dəfə vuruşması olur və hər dəfə də onları darmadağın edir.
İngilislər Cənub-Qərbi Qafqaz Cümhuriyyəti hökumətinin 35 üzvünü 13 aprel 1919 tarixində həbs edərək, zirehli qatarda Gümrüyə, oradan da Batum yolu ilə Malta adasına sürgünə göndərdi.
Dövrün Azərbaycan Xalq Cumhuriyyətinin baş naziri Fətəli xan Xoyski ingilislərlə danışıqlar apararaq, Emin ağanı sürgündən xilas edib, cəzasını Tiflis həbsxanasında çəkməsinə nail olur.
Bir müddət Metex qalasında cəza çəkən Emin ağa oradan qaçır. Həbsxana rəisinin evinə gəlir, rəis onu Tiflisdən çıxma şərti ilə buraxır.
Bundan sonra Emin ağa Qazaxa gəlir və ömrünün sonuna qədər burada yaşayır. O, 1937-ci ildə vəfat edir. Onun qəbri Qazağın Qarapapaqlar kəndindədir.
1917-ci ilin dekabrında Emin ağa, Borçalı Xeyriyyə Cəmiyyətinin sədri Qurbanəli əfəndi Xəlilzadə, Borçalının sünni qazısı Yusif əfəndi Allahyarzadə, həm şiə qazısı Şeyx Məhəmməd Əli ilə birgə Borçalı Qarapapaq Türk Cümhuriyyətinin yarandığını rəsmən elan edirlər.
1918-ci il mayın əvvəlində Azərbaycana yardıma gələn Osmanlı ordusunun paşaları Nuru və Ənvər paşaları Cəlaloğlunda qarşılayıb onları Qazaxa qədər ötürən Emin ağa onlar vasitəsilə Osmanlı sultanı Abdüləzizə, daha sonra isə Azərbaycan dövlətinə müraciət ünvanlayaraq onlardan yardım istəyir. Lakin, istədiyi yardımı ala bilmir.
Bir müddət sonra Osmanlı paşası 9-cu Ordu Komandanı Yaqub Şevqi Paşa 5 noyabr 1918-də Qarsda Emin ağa ilə görüşür və ona hər cür dəstək verəcəyinə söz verir.
5 noyabrda isə Kağızmanlı Əli Rza bəy, Qarslı Sarı Xəliloğlu Nuhlis, Orenburqlu Tevhiddin bəy Mamlıoğlu, Emin ağa Acalov və Fəxrəddin bəy Piroğlu rəhbərliyində Qars İslam Şurası qurulmuşdur.
14 noyabr 1918-ci ildə Qarsda, indiki Atatürk prospektində yerləşən bələdiyyə binasının altındakı keçmiş Səhiyyə İdarəsinin binasında Birinci Qars Konqresi toplandı. Konqresdə Fəxrəddin bəy Piroğlu başçılığında 8 nəfərlik Müvəqəti Heyət, Emin ağa Acalovun rəhbərliyində isə Milli İslam Şurası Ümumi Mərkəzi qurulmuşdur. Şuranın rəhbər müavinliyinə Fəxrəddin bəy təyin olndu.
30 noyabr 1918-ci ildə Qarsda keçirilən İkinci Qars Qurultayında Qars, Ərdəhan, Batumdan 60 nəfər təmsilçi iştirak etmişdir. Daha sonra müxtəlif bölgələrdən 10 nəfər daha iştirakçı qatılmışdır. Konqresdə Milli İslam Şurası Hökuməti quruldu. Hökumətin başçısı İbrahim bəy Cahangirzadə seçilmişdir. Emin ağa Acalov isə başçının müavini seçilmişdir. Konqresdə Qars, Oltu, Kağızman, Iğdır, Sarıqamış, Ardahan, Axalkələk, Axısqa Batum kimi şəhərlərdə yerli xalq təşkilatlanmışdır. Konqresdə Milli Şura hökumətinə Axısqa Müvəqqəti Hökuməti, Araz Türk Cümhuriyyəti, Batum Milli Şurası da qatılmışdır. Konqres 2 dekabradək davam etmişdir.
17 yanvar 1919-cu il tarixində 131 nümayəndənin iştirakı ilə Böyük Qars Konqresi təşkil olundu. 25 mart 1919 tarixində hökumətin adı Cənub-Qərbi Qafqaz Cümhuriyyəti adını almışdır
Cənub-Qərbi Qafqaz Cümhuriyyəti müvəqqəti hökumətinin sədri Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinə 1919-cu il 26 yanvar tarixli notasında bildirirdi ki, Gürcüstan Ərdəhan mahalını və Axalsıx qəzasını işğal etməyə cəhd göstərir. Bütün müsəlman əhalisi buna qarşı ayağa qalxmışdır. Ermənilər də Naxçıvan qəzasına hücumlar edirlər. Gürcülərin Axalsıx və Axalkələk qəzalarına hücumları zamanı 45 min davar aparılmışdı. Bu vaxt Emin ağa Şövkət Paşa və İzzət Əfəndi ilə Borçalıya dönür. Burada rus, alman, erməni, gürcülərə qarşı mübarizəyə qoşulur. Döyüşlərdə Emin ağanın dostu Astan bəy öldürülür, Abdallı kor İsmayıl isə yaralanır. Cavab olaraq Emin ağa 40 döyüşçü ilə hücuma keçərək 200 erməni döyüşçünü öldürür. Borçalı Milli Şurasının döyüşçüləri Yekatrinfilddə almanları darmadağın edir, ermənlər isə böyük itkilər verərək geri çəkilir.
Ermənilər 1919-cu il aprelin 12-də ingilislərin dəstəyi ilə Qars vilayətinə hücum etdilər. Azərbaycan Cümhuriyyəti Hökuməti ermənilərin Qarsda törətdiyi soyqırımı ilə bağlı Britaniya komandanlığına etirazını bildirdi. Buna baxmayaraq, Cənub-Qərbi Qafqaz Cümhuriyyətinə kömək göstərmək ingilislərin planlarına daxil deyildi. İngilislər Cənub-Qərbi Qafqaz Cümhuriyyəti hökumətinin 35 üzvünü həbs edərək, zirehli qatarda Gümrüyə, oradan da Batum yolu ilə Malta adasına sürgünə göndərdi. Bununla da, Cənub-Qərbi Qafqaz Cümhuriyyəti süqut etdi.
Soydas.az