Bu gün böyük Turançı Əli bəy Hüseynzadənin doğum günüdür

image

Bu gün XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri Əlibəy Hüseynzadənin doğum günüdür.

Xatırladaq ki, Əli bəy Hüseynzadə (Əli Hüseyn Turan) 1864-cü il fevralın 24-də Salyan rayonunda anadan olub. 1885-ci ildə Peterburq universitetinin riyaziyyat fakültəsinə daxil olub. Burada dövrün məşhur elm xadimləri – Mendeleyev, Baqner, Menşutkin, Jukovski və başqalarından dərs alan Ə.Hüseynzadə imperiyanın paytaxtında gedən ictimai-siyasi proseslərlə də yaxından tanış olub, "xalqçılar" hərəkatına rəğbət bəsləyib.Buna görə də, bir sıra inqilabçı tələbələr kimi, Əli bəy də Sankt-Peterburqdan uzaqlaşmaq məcburiyyətində qalıb.

Rusiya imperiyasının paytaxtındakı ictimai-siyasi təlatümlərlə əlaqədar olaraq Ə.Hüseynzadə Türkiyəyə, İstanbula gəlib və burada darülfünunda əsgəri-tibbiyyə fakültəsində tədris almaqla dermatoloq ixtisası və yüzbaşı hərbi rütbəsi qazanıb. 1897-ci ildə o, Qırmızı Aypara Cəmiyyəti heyətinin tərkibində İtaliyaya gedib. Üç ildən sonra geri qayıdaraq müsabiqə yolu ilə İstanbul Darülfünunda əsgəri-tibb fakültəsində professor köməkçisi vəzifəsinə təyin edilib. O burada da inqilabçı gənc türklər hərəkatına qoşulduğundan və "İttihad və tərəqqi" partiyasının ilk özəyini yaradanlardan biri olduğundan təqib olunub.

Öz məhsuldar qələmi ilə ümumtürk mənəvi dəyərlərini tədqiq və təbliğ edən, türkün tərəqqisi naminə bütün gücü ilə çarpışışan Əli bəy Hüseynzadə "Kaspi", "Həyat" qəzetlərində çalışıb. 1906-cı il noyabrın 1-də isə Azərbaycan ictimai-siyasi həyatında mühüm rol oynayan "Füyuzat" jurnalını nəşr etdirib.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağında üç rənglə (mavi, qırmızı, yaşıl) simvollaşan Azərbaycan vətəndaşının ideya-mənəvi dəyərləri Əli bəy Hüseynzadənin tezisi və füyuzatçıların tarixi xidmətləri ilə bağlıdır.

1911-ci ildə İstanbulda əslən çərkəz olan süvari zabiti Şəmsəddin bəyin qızı Əthiyə xanımla evlənən Əli bəyin üç övladı olub: Saida bəyim, Səlim Turan, Feyzavər. Amma nəsil bu üç övladla sonlanır. Çünki Əli bəyin nəvəsi olmur.

Əksəriyyəti iztirablar içində, 30 ildən çoxunu mühacirətdə keçən Əli bəy Hüseynzadə ömrü 76 yaşında, 1940-cı ildə İstanbulda başa çatıb. Qaraca Əhməd məzarlığında, Səlimiyyə təkkəsi qarşısındakı yerdə, şair Hədimin qəbri yaxınlığında dəfn olunub.

Böyük Turançı Əli bəy Hüseynzadəni böyük ehtiram və hörmətlə yad edirik!

Soydas.az

Paylaş:

Xəbər lenti