Qədimdə qadınlar darıxanda saxsı qablar hazırlayırdı, indi “shopping” edir

image

Bəzən qaçmaq istəyirsən hamıdan, hər şeydən... Tanımadığın, heç olmadığın bir şəhərdə olmaq istəyirsən.

 Səni tanımayan insanların əhatəsində olmaq istəyirsən... Beynində elə bir yerin xəyalını qurursan, qısa müddət orada yaşayırsan da.

Sonra ayılırsan ki, bu sadəcə bir xəyaldır. İnsan daima başqa yerlərə can atır, elə bilir ki, yaxşı olan şey ancaq başqa yerlərdədi. Bütün həyatımız özümüzlə savaşdı, həyatın br mərhələsində bunun fərqinə varırıq...

Tarixə baxanda görürük ki, yeni yerləri də başqa ərazilərə marağı olanlar, macəra axtaranlar taparaq üzə çıxarıb.

Görəsən, italyan səyyah Marko Polonu uzaq İtaliyadan Çinə aparan təkcə maraq idimi?

Yoxsa, o da öz dövrünə uyğun can sıxıntısımı yaşayırdı?

 Çoxlu sayda səyyah, macəraçı adı çəkə bilərik. Mümkündür ki, hər birinin səyahət üçün öz motivi olub. Bununla belə, insan kimi olduğu yerdən daha uzaqlara getmək, yeni yerlər kəşf etmək bu motivlər içərisində aparıcı mövqedə olub. Ümumiyyətlə, insanın həyat şərtləri dəyişsə də can sıxıntısı, insanın öz olduğu yerdən narazılığı, daırxmaq hissi daima onunladır.

Neolit (Yeni daş dövrü -e.ə. VIII-VI minilliklər) dövründə qadınlar darıxdıqları üçün saxsı qablar hazırlayıblar. Deməli, qadın bir tayfadan başqa tayfaya gəlin gedib və ora da özlərinin istehsal ənənəsini aparıb. Yeni yerdə darıxdığı üçün saxsı qablar düzəltməyə başlayıb.

 İndi qadınların çoxu darıxanda, əhvalları pis olanda “shopping” edirlər. Deməli, hisslərimizi fərqli şəkildə tətbiq edirik, fərqli formada istifadə edirik. Digər maraqlı məqam isə odur ki, qədimdə insanlar ovçuluqla həyatda qalmaq üçün məşğul olublar, ərzaq tədarükü üçün əsas fəaliyyət növü olub. İndi isə darıxanda və ya əsəblərini sakitləşdirmək, bəzən də sadəcə kefləri üçün ov edirlər.

Payız insanda daha çox darıxmaq hissi oyadır. Günəşin getdikcə zəifləyən işığı, istiliyi adamı çox uzaqlara, hətta ibtidai insanın ilk yaşadığı mağara həyatına aparır.

 Qışda dəri paltarını geyinib mağarada isti ocağının ətrafında oturan insanla bu gün hündürmərtəbəli bina evində radiatorla isidilən evdə yaşayan insan arasında qlobal fərq yoxdur.

Müasir mağaralarımız evlərimizdi, yenə hər gün ov üçün iş dalınca gedirik, yenə darıxırıq,  yenə əyləncə axtarırıq, yenə yemək yeyəndə xoşbəxt oluruq və s.

 Ac insanın xoşbəxt olması nadir hadisə olar, indi də ən adi bioloji ehtiyacımızı ödəmədən yaşaya bilmərik nəinki xoşbəxtlik.

Bəlkə də bütün insanlıq, bəşər, dünya haqqında bütün nəzəriyyələr puçdu, real olan isə insanın hazırkı mövcudluğudur, bizdən əvvəl də müəmmadır, sonrası da...

Aida İsmayılova

tarix üzrə fəlsəfə doktoru, arxeoloq

Soydas.az

Paylaş:

Xəbər lenti