TDT Avropa İttifaqından daha mühüm ittifaq modelinə çevrilməlidir
TDT Avropa İttifaqından daha mühüm ittifaq modelinə çevrilməlidir
Türk Dövlətləri Təşkilatı (TDT) gələcəkdə Avropa İttifaqından daha mühüm ittifaq modelinə çevrilməlidir.
Soydas.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Ankara Hacı Bayram Vəli Universitetinin dosenti Levent Ersin Orallı deyib.
Onun sözlərinə görə, TDT qlobal mənada hər keçən gün daralan ticarət, çətinləşən sülh və sarsılan sabitlik sahələri üçün bir sülh adası inşa etmək məqsədilə təsis edilib:
“TDT yeni bir qurum olsa da, lakin onun kökləri olduqca qədimdir. Minillər boyu türk ənənəsi, mədəniyyəti, şüuru mövcud olub. Türk coğrafiyası Azərbaycanın illərlə işğal altında saxlanılan torpaqlarının azad edilməsi ilə birlikdə rahat nəfəs aldı. TDT Macarıstanı da yanına almaqla daha da böyüdü. İndi missiyada və baxış bucağında birlikdən danışmaq vaxtıdır”.
Akademik söyləyib ki, TDT-nin dəyərlərində ən kiçik bir dəyişiklik belə yoxdur:
“Təşkilat dildə, fikirdə və işdə birliyi təşviq edir. Bizim bu yolda edəcəyimiz şeylər çox sadədir. Bu könül coğrafiyasında əvvəlcə sərbəst ticarət müqavilələri fonunda iqtisadi bir yol inşa edəcəyik. Hərəkəti məhdudlaşdıran maneələri aradan qaldıracağıq. Bu fonda sərbəst hərəkəti təmin etmək üçün üzv ölkələrin hər birinə vizasız rahatlıqla səyahət imkanı yaradacağıq. Tələbə mübadiləsi həyata keçirəcəyik. Universitet arasındakı ekvivalentlik problemini həll edəcəyik. İnvestisiya problemlərini aradan qaldıracağıq və bu addımlarla işdə birliyi təmin edəcəyik”.
Levent Ersin Orallı vurğulayıb ki, işdə birlik həm də təhlükəsizliyin təminatı olacaq:
“Türk dövlətlərinin təhlükəsizlik qarantının adı NATO olmalı deyil. Onların Rusiyaya bağlı bir kollektiv əməkdaşlıq təşkilatına da ehtiyacı yoxdur. Hər biri müdafiə sənayesi sahələrində artıq istehsal gücünə sahib olan dövlətlərdir. Ona görə TDT gələcəkdə Avropa İttifaqından daha mühüm ittifaq modelinə çevrilməlidir. Çünki onilliklər boyu savaşmış Avropa dövlətləri belə birlik qura bilirsə, daim aralarında xoş münasibət olan, dili, dini, mədəniyyəti eyni olan dövlətlər niyə bu ittifaqı yarada bilməsinlər? Ona görə də gələcəyin türk dünyası üçün çox parlaq olduğunu düşünürəm”.
Soydas.az