Ucalığa layiq olmayanlar üçün ucalığın özü də bir cəza yeridi

image

İnsanın ruhunda, psixologiyasında, həyata baxışında doğulub böyüdüyü torpağın təsiri danılmazdır. Dağ və düzən ərazilərdə doğulub böyümüş insanlar arasında fərqlər təkcə adət-ənənə, qidalanma ilə fərqlənmir, həm də ərazinin təbii-coğrafi şəraiti də burada rol oynayır.

Dağlıq ərazidə böyüyən  insanlar bir az sərt olmaqla, əsasən mübariz, üsyankar və bir qədər də barışmaz ola bilirlər. Buna səbəb onların sərt iqlim şəraitində həyatda qalmaq mübarizəsidir, ağır coğrafi şərait bir növ onları buna vadar edir.Onların bu genetik mübarizə üsulu növbəti nəsillərə də ötürülür.

Dağ adamlarının xarakterindəki, təbiətindəki saflıq da elə təbiətin özündən gəlir. Bəzən dağlıq ərazilərdə böyüyən insanlarda kobudluq da ola bilir, buna da səbəb öz sərt təbiətlərinə bənzərlikdən yaranır, öz təbiətlərinə oxşayırlar.

Şəhər mühiti daha çox insanı “yonur”, onu qəliblərə salır.

 Təbiətdə isə insan olduğu kimidir; öz təbii halı ilə... Şəhər isə insanı süniləşdirir, özündən uzaqlaşdırır.

Dağlar həm də tarix boyu qaçaqların, üsyankarların, etirazçıların, barışmazların sığındığı bir yer olub. Bu sərt mühitdə hər adam mübarizəni bacarmır.

Dağ, həm də əzəmət, ucalıq rəmzidir.

Təssadüfi deyil ki, bir çox xalqlar tarixində, mifologiyasında Dağ kultu var; dağı Tanrının olduğu yer və ya onunla əlaqə yaratmaq üçün olan məkan kimi mənalandırıblar.

Bu məqamda Ernest Heminqueyin “Kilimancaro qarları” əsərinə nəzər salsaq yerinə düşər. "Kilimancaro” - əbədi qarlarla örtülü uca dağ silsiləsi, Afrikanın ən yüksək nöqtəsidir. Adının mənası haqda bir neçə versiya var;  Masai qəbiləsinin sakinləri onu "Allahların evi" anlamını verən "Nqaye-Nqaya"nın qərb zirvəsi adlandırırlar. Zirvənin ən yüksək nöqtəsində soyuqdan donub qaxaca dönmüş bəbir cəsədi var. Bəs bəbiri belə bir yüksəkliyə çəkib gətirən nə idi? Bu zirvədə nə lazım olmuşdu ona? Bunu heç kəs izah edə bilmir".

Ömrünün son illərini ruh düşkünlüyü içərisində yaşayan Heminqueyin öz aqibəti də faciə ilə nəticələndi. Əcəba, yazdıqlarıyla yanaşı, yazmadıqlarının, yaza bilmədiklərinin acısını yaşayan və ömrünü intiharla bitirən Heminquey elə həmin əsərin qəhrəmanı Harri deyildimi?!

Sevdiyim qırğız yazıçısı Çingiz Aytmatovun qırğız əfsanəsinin motivləri əsasında yazdığı “Əbədi gəlin: dağlar yıxılanda” əsərində də Jabbars adlı Qar bəbiri də dağlara çəkilmişdi. Orada isə Arsenlə eyni anda can vermişdi. Əsərdə dağlar əbədi gəlinin ruhunun dolaşdığı məkan kimi həm də ucalığın, əbədiliyin rəmzi idi. Əsərlərində türk mifologiyasına geniş yer verən Aytmatov təbiətlə insan arasında çox gözəl paralellər aparıb.

Bir bədbəxt hadisə baş verəndə “başıma qar yağıb!” – deyirik. Burada da dağlara bir vurğu var. İnsanın başı da ucalığı, əzəməti ifadə edir. 

Şəhriyar da gözəl yazıb:

“Başıma qar yağdırıb həsrətin, ey nazənin,

Eyləmişəm səbr ilə qəlbimi yüz parə mən..!

Dağlar bəzən də cəza məkanı olub. Zevs Prometeyi cəzalandırıb, Qafqaz dağlarında zəncirlətmişdi.

 Olduğu zirvəyə özü çıxmayan insanlar üçün dağlar əslində bir cəza yeridi. Çünki ucalığa layiq olmayanlar üçün ucalığın özü də bir cəzadı.

Soydas.az

Paylaş:

Xəbər lenti