Nənəmin mifik yaddaşı; “Ərdoy” əslində kimdir?

image

Bütün yolların sonu insanın özünə gəlib çıxır. Bütün savaşımız ancaq özümüzlədi; özümüzlə sülh bağlasaq, hər şeyi yoluna qoymaq olar.

Bu günün insanı isə daxili təlatümləri bir yana qalsın, heç xarici görünüşü ilə də barışana oxşamır. Yəqin buna görədir ki, onu dəyişməyə çalışır, gözəllik standartları kimi təbliğ olunan tələyə düşür.

İndi çoxumuz  incə, nazik, daha çox arıq bədənli olmaq istəyirik. Yadıma uşaqlıqda nənəmdən tez-tez eşitdiyim “Ardoy” sözü düşür. Biz bir az arıqlayan kimi “Ardoya oxşayırsınız” – deyirdi. Təbii ki, o zaman bu sözün fərqində deyildim, heç o haqda da düşünmürdüm. Sadəcə onu dərk edirdim ki, hər nədirsə, xoş görünüşü olmayan bir nəsnədir ya varlıqdır.  Bir şeyi də qeyd edim ki, biz tərəfdə arıq olmağa yaxşı baxmırdılar, sağlamlığı daha çox ətli-qanlı olmaqda görürdülər.

Bir gün yadıma bu “ardoy” sözü yenidən düşdü. Bu sözün mənasını, nə anlama gəldiyini bilmək istədim. Bir az araşdırandan sonra məlum oldu ki, “ərdoy”, “ərdov” və ya “ardoy” sözünün kökü mifologiyaya gedib çıxır. Türk mifologiyasında Su ruhunu təmsil edən varlığın adıymış, həm də Ərdoyun qadın olduğu düşünülür.

İnanca görə insanlara zərəri olmaz. Başqa bir inanca görə isə ölən şəxsin məzarı üzərində 3 gün işıq yandırılması bu varlığın məzara yaxınlaşmaması ilə əlaqəli olub. Belə ki, Ərdov işığı görəndə məzara yaxınlaşmaz deyə düşünülür. Sözün kökü isə başqa dünyanın varlıqları və pis ruhlarla əlqani ifadə edən “ar” sözündən gəlir.

Maraqlı olan insanın mifik yaddaşıdır, nəsillərin yaddaşından, təfəkküründən süzülüb gələn bir sözün izi, kökü bizi haralara aparıb çıxarır. Bu, mənim uşaqlığım, kəndim, keçmişim, kimliyimlə əlaqəlidir, mənimlə onlarla nəsil, soy arasında gözəgörünməz bağdır. İnsan o bağı daha çox təfəkküründə, düşüncəsində hiss edir, həyat tərzində yaşadır və göstərir.

Bu yaxınlarda qarşıma daha bir maraqlı məqam çıxdı. Azərbaycanın çox da tanınmayan yazıçılarından olan Abdulla bəy Divanbəyoğlunun “Ardoy dərəsi” adlı hekayəsi var imiş. Abdulla bəy Divanbəyoğlu 1883-cü il yanvarın 1-də Qazax mahalının Hüseynbəyli kəndində anadan olub. Qazax Azərbaycanın qərbində yerləşir, Borçalı ilə ayrılmaz tellərlə bağlı bir bölgəmizdir. Deməli, onlarda da bu söz işlənirmiş.

 Abdulla bəyin əsərləri o dövrdə Azərbaycan qadınının insan kimi hüquqlarının pozulmasına, qadınların məşəqqətli həyatına həsr olunub. Müəllif hekayəsinə “Ardoy dərəsi” adını verməklə insanların zehinlərini dumanlandıran mövhumi təsəvvürlərdən, şüurlarında daşlaşan inam və etiqadları vurğulamaq istəyib.

 Deməli, insan keçmişini yaşada bilər, bir şərtlə ki, bu günün reallıqlarını da qəbul etsin, ona uyğunlaşa bilsin. Avtomobil idarə edəndə ancaq arxanı göstərən şüşəyə baxsaq, qarşımızdan gələn avtomobili görə bilmərik və qəza baş verə bilər.  Keçmişlə bağlar da elədir, onlar bizə lazımdır, gərəklidir, amma onların əsirinə də çevrilməli deyilik.

İnsanların təfəkküründə suyu qoruyan ruhun olması inancı, həm də təbiətə sevgidən, bağlılıqdan irəli gəlirdi. Çünki insanın ilk təması və mövcudluğunun mənbəyi təbiət olub. Qədim insan həm də təbiətə pərəstiş edirdi, onu müqəddəsləşdirirdi. Tam fərqində olmasaq da, təbiət yenə də müqəddəsdir. Günəş yenə hər gün çıxır, çaylar yenə axır, güllər yenə açır...

Deyəsən, bir biz dəyişmişik, ya da insan kimi yaşamağı yadırğamışıq. Yadırğamaq da öz sözümüzdür, ona görə qulağa çox xoş gəlir.

Aida İsmayılova

tarix üzrə fəlsəfə doktoru, arxeoloq

Soydas.az

Paylaş:

Xəbər lenti