Gürcüstanın bölgələrində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib
Gürcüstanın bölgələrində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib
Gürcüstanda 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı silsilə anım tədbirləri keçirilib. Tədbirlərdə şəhidlərin ruhuna dualar oxunub, gənc nəslə faciə ilə bağlı ətraflı məlumat verilib.
Dmanisi “Tədris mərkəzi”ndə keçirilən “20 Yanvar – Zəfərə aparan yol” mövzusundakı tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzin rəhbəri Kamran Xıdırov çıxışında sovet imperiyasının 1990-cı ilin yanvarında Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərdən bəhs edib və bu faciənin tarixi əhəmiyyətini vurğulayıb. O, 2020-ci ildə Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbənin şəhidlərin ruhuna ehtiram olduğunu bildirib.
Tədbir iştirakçıları Dmanisi rayonunun Oruzman kəndində 9 Aprel və 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.
Rustavidə də Təhsil və Mədəniyyət Mərkəzində də 20 Yanvar faciəsinin ildönümü ilə bağlı anım tədbiri keçirilib. Mərkəzin rəhbəri Raidə Dərziyeva faciənin tarixindən danışıb. Tədbirdə şair-publisist Rafiq Hümmət, Qardabani şəhər 3 saylı məktəbin müəllimi Sevda Şahverdiyeva və digər çıxışçılar 20 Yanvar hadisələrinin Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini sarsıtmadığını vurğulayıblar.
Tədbirin sonunda mərkəzin şagirdləri tərəfindən ədəbi-bədii kompozisiya nümayiş etdirilib və faciəyə həsr olunmuş sənədli film izlənilib.
Eyni zamanda Bolnisidə “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”nin təşkilatçılığı ilə anım tədbiri baş tutub. Tədbirdə Faxralı kəndində dəfn edilən şəhid İlqar Əhmədovun məzarı ziyarət olunub.
Daha sonra tədbir mərkəzdə davam etdirilib. Mərkəzin icraçı direktoru Rezo Həsənov çıxış edərək bu günün əhəmiyyətindən bəhs edib. Kəpənəkçi 2 saylı məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Çingizxan Yaqubov, ingilis dili müəllimi Rəksanə Şıxıyeva, hüquqşünas Əmrah İbrahimov və koordinator Şəhla İsmayılova şəhidlərin ailələrinə və yaxınlarına başsağlığı veriblər. Tədbirin sonunda mərkəzin müdavimləri tərəfindən vətənpərvərlik ruhunda şeirlər səsləndirilib. /Report/
Soydas.az