Bakıdan Minvoda uçan təyyarə geri dönüb; 5 şəhərə uçuş dayandırıldı
Bakıdan Minvoda uçan təyyarə geri dönüb; 5 şəhərə uçuş dayandırıldı
Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin J2-8717 nömrəli Bakı-Mineralnıye Vodı reysini yerinə yetirən təyyarəsinin kapitanı havaya qalxandan və Mahaçqala üzərində hava məkanının bağlı olması barədə NOTAM (uçuş məlumatı) bildirişi alandan dərhal sonra Bakı hava məkanından çıxmadan geri qayıdıb.
AZAL-ın yaydığı məlumata görə, təyyarə yerli vaxtla saat 10:13-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.
Bu gün “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan Rusiyanın 5 hava limanlarına reysləri də dekabrın 28-dən dayandırır.
AZAL-dan bildiriblər ki, bu qərar aviaşirkətin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğraması ilə bağlı aparılan araşdırmaların ilkin nəticələrini və uçuşların təhlükəsizliyində yarana biləcək riskləri nəzərə alaraq, yekun araşdırma başa çatana qədər Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin qərarına əsasən verilib.
Sabahdan Bakıdan Rusiyanın aşağıdakı hava limanlarına uçuşlar dayandırılır:
• Mineralnıye Vodı
• Soçi
• Volqoqrad
• Ufa
• Samara
Qeyd edək ki, dekabrın 25-də AZAL Bakıdan Qroznı və Mahaçqala şəhərlərinə uçuşların dayandırılması barədə qərar vermişdi.
Soydas.az