Sən gedəli sevmədiyim, ölümü sevdim, Ana!

image

Soydas.az şair İlqar Həkimin iki şerini təqdim edir:

 

Ölümü sevdim Ana!

 

Göz açdım gül üzün gördüm,

Gülünü sevdim, Ana!.

Sənlə keçən hər xoş günü

Zülümü sevdim, Ana!

 

Çırpındım quş kimi yayda,

Olmadı Tanrıdan fayda,

Sənsiz gözümdəki çayda,

Selimi sevdim, Ana!

 

Mənəm, o qərib sərvətin,

"Dəcəl, sözə baxmaz yetim"

Desən gəlmə, dayan! - çətin

Gəlimi sevdim, Ana!

 

Yaylaq, çadır, çətən orda

Yurd soyuyub, Vətən orda,

Sən ordasan, Atam orda,

Yolunu sevdim, Ana!

 

Yoxdu daha istədiyim,

Tamsızdı noğul, hədiyim.

Sən gedəli sevmədiyim,

Ölümü sevdim, Ana!

Ölümü sevdim, Ana!

 

      Sən  gedəli...

 

Sən gedəli əziz Anam

Məni qohumlar çağırır.

Boş görünən ev-eşiyin,

Soyuyan divar çağırır.

 

Keçdikcə ayı-həftəsi,

Azalır kimi-kimsəsi…

Toz basan qapı cəftəsi,

Ot basan yollar çağırır.

 

Üzgün-üzgün üzülür can,

Heç olurmu sənə əyan?

Hıçqırıqla haraylayan

Doğma balalar çağırır.

 

Sən idin gövhərim-ləlim,

Varlığa gedən təməlim.

Qoynumdakı iki əlim

Gözümdə sular çağırır.

 

Bütün sevgilər soğulub,

Çağlayan dünyam dağılıb,

Boğazım qəhər bağlayıb,

İçimi qubar çağırır.

 

Köz yox ocağın altında,

Urvan duvağın altında.

Üzüm ayağın altında,

Gəl, balan İlqar çağırır!

 

 İlqar  Həkim

2024. payız.

Soydas.az

Paylaş:

Xəbər lenti