Topçubaşovun gördüyü işin dəyərini anlamaq üçün…

image

Əlimərdan bəy Topçubaşovun bir şəkili var, neçə ildir ki, həmin şəkili özümlə gəzdirirəm…

Bu şəkili konfrans zallarının birində, masa üzərində üzünü nazik toz basmış halda gördüm,  tozunu silib kitabçamın arasına qoydum.

Sabah 8 Noyabr Zəfər Günüdür. Həmin gün həm də Əlimərdan bəyin vəfat günüdür. Odur ki, onun xatirəsini məhz indi, bir gün əvvədən yada salmaq istədim.  

Əlimərdan bəy Topçubaşov düz 90 il əvvəl 1934-cü il, noyabr ayının 8-də Parisdə mühacirətdə vəfat edib. Azərbaycanı beynəlxalq səviyyədə müstəqil dövlət kimi tanıdan əsas şəxslərdəndir.

ABŞ Prezidenti Vudro Vilson 1919-cu ilin mayın 28-də Azərbaycan nümayəndə heyətini qəbul edən zaman Əlimərdan bəy Vilsona müraciət edərək deyir:

"Biz uzaq Qafqazdan, buradan bir neçə min mil uzaq olan Azərbaycandan gələrək, xalqımızın azad və müstəqil həyatı üçün minnətdarlığımızı, dərin hörmətimizi, azadlıq və müstəqil həyat ruhu ilə yaşamaq istəyən xalqımızın təşəkkürlərini bildiririk. Qüdrətli Amerikanın nümayəndəsi kimi, Sizə müraciət edib, xahiş edirik ki, cənab Prezident, bizim ölkəmiz, bizim xalqımız və elə bizim özümüz haqqında məlumatları bizdən eşidəsiniz. Çünki biz Avropa və Amerika mətbuatında tez-tez Azərbaycan haqqında səhv, saxtalaşdırılmış və həqiqətə uyğun olmayan məlumatların verildiyini eşitməli oluruq. Doğrudur, bizi hələ yaxşı tanımırlar. Biz indi ilk dəfədir ki, Avropadayıq. Lakin Sizi əmin edirik ki, müstəqil yaşamaq üçün bizdə hər şey vardır. Biz ümid edirik ki, konfrans bizi dinləyəcək və biz Millətlər Cəmiyyətinə buraxılacağıq. Biz əminik ki, bütün xalqlar kimi, biz də Sizin böyük prinsipləriniz əsasında yardım alacağıq. Biz bildiririk ki, nə Kolçakın, nə Denikinin, nə də köhnə Rusiya imperiyasının hüdudlarında hakimiyyəti bərpa etmək niyyətində olan qeyri-birisini tanımayacağıq. Biz Azərbaycan üçün yalnız öz parlamentimizi və öz hökumətimizi tanıyırıq və tanıyacağıq”.

Prezident Vudro Vilson söhbətdə amerikalıların dünyanı kiçik hissələrə bölmək istəmədiyini və Azərbaycan məsələsinin "rus məsələsi"ndən əvvəl həll edilməsinin mümkün olmadığını bildirdi.

Bundan sonra 1919-cu ilin sentyabrında Əlimərdan bəy Topçubaşov ABŞ Konqresi Nümayəndələr Palatasının üzvü Valter Çandlerlə  müqavilələr imzalamışdı. O, üç ay müddətinə Azərbaycanın mənafeyini və müstəqilliyini qorumağı öz öhtəsinə götürürdü. Müqavilədə Çandlerə ödənilməli olan mələğ də göstərilmişdi.  Bu müqavilə sonralar Topçubaşov-Çandler kontraktı adlandırılırdı.

Əlimərdan bəyin müxtəlif diplomatik səyləri nəticəsində  nəhayət, 1920-ci ilin yanvar ayında Azərbaycanın müstəqilliyi faktiki olaraq tanınır. O vaxt bu tanınma olmasaydı, SSRİ dağılanda Azərbaycan müstəqil ölkə kimi deyil,  Rusiyanın Tatarstana, Çeçenistana bənzər bir subyekti kimi qəbul ediləcəkdi.

Bu son cümlədən Topçubaşovun gördüyü işin miqyasını, dəyərini anlamaq isə çox asandı.  

Bu dünyadan ehtiyac içində, qəriblikdə, mühacirətdə köçən ruhunu bir daha ehtiramla yad edir, əziz xatirəsini  önündə baş əyirik!

Uğurlu Şərifov

Soydas.az

Paylaş:

Xəbər lenti