İnsanlar danışaraq anlaşılmağı yadırğayıb - dr.Aida İsmayılova yazır

image

Tarix boyu insanlara susmağın qızıl olduğu aşılanıb. Susmaqla bağlı istər Azərbaycan, istərsə də başqa xalqların dillərində yüzlərlə atalar sözləri, məsəllər var. Danışmağın ayıb bir şey olduğu daima beynimizin bir küncündə yer tutub; qadınsan sus!.., uşaqsan sus!.., böyüyün yanında danışmazlar! və s.

Halbuki, dil bizə danışmaq üçün verilib, nitq də fikirlərimizi, düşüncələrimizi fadə etmək üçün. Ədəbi dildə “düşüncələri dilə gətirmək” ifadəsi işlədilir. Bu kəlmə təsadüfi deyil.

 Beynimizdə yaratdığımız fikirləri dilimiz vasitəsilə insanlara çatdırırıq, fikirlərimizi bölüşürük. İnsan nitqinin formalaşmasının tarixi isə çox qədimlərə gedib çıxır. O zaman nə bu qədər xalq var idi, nə də ki, bu qədər dil.

Burada məşhur “Babil qülləsi” əfsanəsi yadımda düşdü, Əfsanəyə görə, Tanrı ona çatmağa çalışan, eyni dildə danışan insanların dilini burada qarışdırmışdır. O insanlar göylərə yüksələn bir qüllə inşa etmək istəyirdilər. Dilləri fərqli olan insanlar bir-birini başa düşə bilmir və qüllənin inşası yarımçıq qalır.

 Hər əfsanədə bir az həqiqət payı olur, Bu gün dünyada həm də ölü dillər var. Dil nə vaxt ölür?.. Onu danışan, isifadə edən xalq olmayanda, o da ölüb gedir. Demək ki, dili yaşadan da, onu canlı saxlayanda onun danışılmasıdı, daima istifadə olunmasıdı. Buna görə də, bu gün dilimizin nə qədər canlı olması da müzakirə mövzusu ola bilər.

Qeyd etdiyimiz kimi, dil həm də tarixi hadisədir. Hər bir xalqın dili müəyyən inkişaf yolu keçib və müasir səviyyəyə gəlib çıxıb. Əgər səs düşüncəmizin səsli ifadəsidirsə, yazı onun görünütülü halıdır.

 Əlifba baxımından heç bəxtimiz gətirməyib. Elə dilimizin adı da tez-tez dəyişib. Hər xalqın öz “dili” var. Çünki düşüncə, təfəkkür bu fərqi yaradır. Həyatımız nədirsə, düşüncəmiz də odur. Dilimizdə də onlar ifadəsini tapır.

Son dövrlərdə texnologiyanın inkişafı səsli nitqə, insanlararası ünsiyyətə mənfi təsir edir, Ona görə də insanlar danışaraq anlaşılmağı yavaş-yavaş yadırğamağa başlayıblar.

 Qədim Yunanıstanda Sokrat insanları danışdırırdı, onlara düşünərək danışmağı öyrətmək istəyirdi. Deyirdi ki, düşüncələr də doğulur, sadəcə bunun üçün onları dünyaya gətirən "əbə" lazımdır.

 Yeri gəlmişkən "əbə" də monqol sözüdü, nənə deməkdir. Biz tərəfdə (Borçalı)  "əbəçi" sözü işlənir, göbək nənəsi anlamındadır. 

Görünür danışmağı da yenidən öyrənməliyik, elə düşünməyi də.

Aida İsmayılova, 

Tarix üzrə fəlsəfə doktoru, arxeoloq

Soydas.az

Paylaş:

Xəbər lenti