Bir kamilin sözü...

image

Bu gün türkoloq, filologiya elmləri doktoru, professor Kamil Vəli Nərimanoğlunun doğum günüdür. 16 dekabr 2023-cü ildə vəfat edən K.V.Nərimanoğlu onu sevənlərin yaddaşında dərin iz buraxıb.  Dəyərli professorun bu doğum günündə Laura Cəbrayıllının “Bir Kamilin sözü...” yazısı ilə əziz müəllimimizi bir daha yad edirik. 

Yazısız necə yaşamışıq?.. Yaşamışıqmı?..

Bu dünyadakı həyatımızı yazısız təsəvvür etmək adamın heç ağlına da gəlmir. Amma yazıdan əzəl söz vardı. Bir vaxtlar insan sözlə yatır, sözlə də dururdu, sonra yazısını yaratdı. Söz yazıya söykəndi, ayrı yolu yoxuydu: sözü eşidənlərin meydanı getdikcə daralırdı.

Sonra sözlü adamlar azalmağa başladı. “Nə olub, sözlü adama oxşayırsan?” İndi belə soruşmurlar. Ta heç kim sözlü adama oxşamır...

Yazının dövrü, yazılı adamların vaxtı uzun çəkdi, amma bu dünyada heç nə əbədi deyil. Yazını oxuyanların da meydanının yavaş-yavaş daraldığına baxmaqdan savayı yolumuz qalmadı: axı görüntü vaxtıydı!

 Yazı görüntüyə – ekrana, kinoya, fotoya, videoya söykəndi. İndi adamlar görüntüylə yatıb-durur, uşaqlar cizgili “rolik”lərlə böyüyürlər... “...kainatın təzə övladı – yeni zaman doğulacaq”.

“Eşqin sözü”nü bitirən bu son kəlməylə sanki yuxudan ayılıram: görən bu yeni zamanda insanlar necə yaşayacaq, daha nələri icad eləyib tapacaqlar və daha nələrlə vidalaşacaqlar?

 Mənim üçün əsla ritorik olmayan bu suala cavab tapmaq istəyirəm və bir müəllim fəhmiylə tələbəsini duyan Kamil Vəlinin cavabını eşidirəm: “Hər cür yenilik bəşəriyyət üçün arzu olunan yenilik deyil. Yeni xəstəliklər, yeni faciələr, yeni savaşlar, yeni-yeni nələr kimi...”

Onun səsi uzaqdan gəlir. Bu uzaq haradır? “Söz möcüzədir, möcüzə yoxdursa da, onu yaratmaq lazımdır. Əsas inamdır. Möcüzənin olub-olmaması o qədər də önəmli deyil. İnsanın möcüzəyə inanması insanın xilas yollarından biridir (o biri yolların nə olduğunu bilmirəm, olsa belə)”.

 Sözün möcüzə sayıldığı bu dövr keçmişdə qalıb, yoxsa biz hələ o vaxta heç çatmamışıq? “İman sübut istəməz. İman yazıçının bağlı olduğu gerçəyə, sübut olunmuş və ya olunmamış həqiqətə bağlılıqdır”.

 Gerçəklik hələ həqiqət deyil. Sovet xalqlarının həyatına boylananda buna əmin olursan. Sovet ədəbiyyatını vərəqlədikcə nəyəsə təəssüflənirsən, nəyəsə heyrətlənirsən... Və fikirləşirsən: görən yeni nəslin süzgəci necə olacaq? Onlar sələflərinə hansı gözlə baxacaqlar?

 Yazıçıları “sovet zamanı”ndan xilas etməyə sözün gücü çatacaqmı? “Təbii seçmə yalnız təbiətə aid deyil. Sözün təbii seçməsi – öz-özünü seçməsi Allahın iradəsi daxilində olduğu qədər də, o böyük yaradanın iradəsi daxilində deyil”.

Dünya çox sürətlə dəyişir... İnsan özü də bilmədən yeni texnologiyanın modern məhsuluna çevrilir. Sənət bu sürətlə ayaqlaşa bilmir axı!.. “Əhəmiyyətli olan – o insandan görünən dünya dünyanın özündən zəngindir”.

Nədir bu dünya: sınaq şüşəsi, yoxsa oyun guşəsi? Biz özümüzü tanımaq istəyirik bəlkə? Əcəb oyuna düşmüşük. Allah insanı niyə yaradıb? Bəs insan niyə yaradır? “Dünya bir Kamilin dünyadan getməyi, bir Kamilin dünyaya gəlməyidir”.

 Bu, bir kamilin sözüdür. Səs gah çox uzaqdan gəlir, gah da çox yaxından. Hər vaxt eşitmək olmur. Gərək sərhəddən yorulasan... Hüdudsuzluğu arzulayasan... Sözsüz darıxasan... Sözlü adamlardan ötəri qəribsəyəsən... “Eşqin sözü” onda eşidilir! Söz gec-tez eşqə aparır, amma ona qovuşmur. Onlar Atlantik okeanı ilə Aralıq dənizi kimi yanaşı, əsla bir-birinə qarışmayan möcüzələrdir. Aradakı sərhədi görmək olmur. Amma bu, onun yoxluğu deyil hələ...

 “Sözün o tayındakı eşq ədəbiyyatın əzəli və əbədi məhvəridir. O tay kainatın, dünyanın harasıdır, İlahi?!”

Bu suala yüzlərlə cavab tapmaq olar. Ona ritorik sual deyənlər də var! Dünyanı gözümüzdə adiləşdirənlər nə qədər desən və ömürdən doymayan minlər, milyonlar! Eşqin insani hiss olduğunu hamı deyir, amma onun nə vaxt, necə doğulması izahsız! Sözü sadəcə ünsiyyət vasitəsi sayanlar və bir kəlmənin güdazına gedən insanlar, xalqlar, ölkələr! Yazının cansız işarələr toplusu olduğunu düşünənlər və hələ də qurumayan “Liza gölü”, hələ də eşidilən Kefli İsgəndər qəhqəhəsi, Hacı Murad iniltisi, Jan Valjan pıçıltısı!..

 Eşq bir dünyadır! Söz bir dəryadır! Onlar bir-birinə qarışmayan möcüzələrdir! Amma “Eşqin sözü”ndə onlar bir-birinə qarışıb. Çünki Kamil Vəlinin eşqi sözdən, sözü eşqdəndir...

 Laura Quliyeva/Cəbrayıllı

 

 

Soydas.az

Paylaş:

Xəbər lenti