Bu gün akademik Kamal Talıbzadənin 101-ci doğum günüdür
Bu gün akademik Kamal Talıbzadənin 101-ci doğum günüdür
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Kamal Talıbzadə 1923-cü il avqustun 14-də Bakı şəhərində anadan olub.
K.Talıbzadə 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Azərbaycan SSR Elmlər Akademiyası Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspirantı olub (1945-1948), filologiya üzrə namizədlik (1949), doktorluq (1965) dissertasiyaları müdafiə edib, professor (1972) elmi adı alıb.
1980-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə həqiqi üzvü seçilib.
AEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri (1952-1969, 1981-1994), elmi işlər üzrə direktor müavini (1960-1981), direktoru vəzifəsini icra edib (1968).
1994-cü ildən Azərbaycan Elmlər Akademiyasının elmi məsləhətçisi, eyni zamanda Abdulla Şaiqin Ev Muzeyinin direktoru, Nizami adına Ədəbiyyat İnstitutu nəzdində Dissertasiya Şurasının sədri olub (2000-2006). 1950-1952-ci illərdə Azərbaycan Dövlət Universitetinin, 1984-1986-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi olub.
Ədəbiyyatşünaslıq elminin bir çox istiqamətlərinin, xüsusilə ədəbi tənqidin tarixi və nəzəri sahələrinin yaranması və inkişafı K.Talıbzadənin adı ilə bağlıdır. Alim klassik irsin, ədəbi əlaqələrin, ədəbiyyat tarixinin problemlərinə, mətnşünaslıq məsələlərinə həsr olunmuş yüzlərlə məqalə və kitabın müəllifidir. «Abbas Səhhət» (1955), «Qorki və Azərbaycan» (1959), «XX əsr Azərbaycan tənqidi» (1966), «Ədəbi irs və varislər» (1974), «Azərbaycan ədəbi tənqidinin tarixi» (1984), «Tənqid və tənqidçilər» (1989), «Seçilmiş əsərləri» (2 cilddə)» (1994) və s. kitabları elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. Onun üçcildlik «Azərbaycan ədəbiyyatı tarixi»nin (1957-1960), ikicildlik «Azərbaycan sovet ədəbiyyatı tarixi»nin (1967) yazılmasında və nəşrində mühüm xidmətləri olub. Yeddicildlik «Azərbaycan ədəbiyyatı tarixi»nin müəlliflərindən və redaktorlarından olub.
K.Talıbzadə 1982-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görülüb. 1986-cı ildə elmi işindəki müvəffəqiyyətlərinə, xüsusilə, milli tənqidi fikrin tarixi mənzərəsini əks etdirən «Azərbaycan ədəbi tənqidinin tarixi» adlı əsərinə görə Azərbaycan Dövlət Mükafatı laureatı olub (1986), «Əməkdə fərqlənməyə görə» medalı (1970), «Şöhrət» ordeni (1998) ilə təltif edilib.
Akademik Kamal Talıbzadə 2006-cı il yanvarın 20-də Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn edilib.
Soydas.az