Bolnisidə “Parlaq Gələcək” Gənclər Mərkəzi yaradılıb

image

Gürcüstanın Bolnisi rayonunun Həsənxocalı kəndində fəaliyyət göstərən “Parlaq Gələcək” Gənclər Mərkəzi ictimai əsaslarla kəndin riyaziyyat müəllimi Araz Musayev tərəfindən yaradılıb.

Araz Musayev bildirir ki, orta məktəbi bitirən gənclərin ali təhsil almağa meyl göstərməməsi, digər tərəfdən erkən nikah problemi, bəzi valideynlərin qız uşaqlarını məktəbdən uzaqlaşdırması kimi məqamları nəzərə alaraq kəndin fəalları ilə birlikdə “Parlaq Gələcək” Gənclər Mərkəzinin yaradılmasına qərar veriblər.

“Ümumiyyətlə, belə mərkəzlər Azərbaycan və Gürcüstan arasında elm, təhsil, mədəniyyət və idman sahələrində mövcud münasibətlərin dərinləşdirilməsi və yerli azərbaycanlıların cəmiyyətə inteqrasiyasına dəstək verir”, – deyə A.Musayev vurğulayıb.

Mərkəzdə Azərbaycan, gürcü və ingilis dillərinin tədrisi ölkədə multietnik dialoqa və mədəni rəngarəngliyə də dəstək olur. Mərkəz rəhbərinin sözlərinə görə, artıq erkən nikahla bağlı da müəyyən irəliləyişlər var. Burada həm Mərkəzin rolu olub, həm də qanuna edilən dəyişiklik öz müsbət təsirini göstərib. Xatırladaq ki, gənclər mərkəzin kurslarında tam təmənnasız iştirak edə bilərlər.

Müəllim Araz Musayev Mərkəzin yaradılmasında Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin müstəsna rolu olduğunu qeyd edib. Bakıda Komitə sədri Fuad Muradovla görüşdən sonra ilkin mərhələdə “Bazar Günü Məktəbi”nin yaradılmasına qərar verilib.

Soydas.az

Paylaş:

Xəbər lenti