Gürcüstan azərbaycanlılarının vaksinasiya problemləri

image

Bununla bağlı Azərbaycan-Gürcüstan parlamentlərarası işçi qrupunun rəhbəri Arzu Nağıyevə müraciət olundu

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatda olan, müvəqqəti və daimi qeydiyyat əsasında Azərbaycanda yaşayan Gürcüstan vətəndaşı olan soydaşlarımızın vaksinasiya prosesində problemlər yaranıb.

Problemin həlli ilə bağlı Soydaş İctimai Birliyi aidiyyatı qurumlara müraciət edib problemin həllinə dəstək göstərilməsini xahiş ediblər.

Soydas.az xəbər verir ki, problemin həlli ilə bağlı Soydaş İctimai Birliyinin sədri Kamran Ramazanlı Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Azərbaycan - Gürcüstan parlamentlər arası işçi qrupunun rəhbəri Arzu Nağıyevə də məktubla müraciət edib. Məktubda deyilir:  “Azərbaycanda yaşayan Gürcüstan əsilli soydaşlarımızın böyük çoxluğu ölkəmizdə 90 günlük qeydiyyatla yaşayırlar və onların qeydiyyat müddəti bitdikdə pandemiyaya uyğun olaraq qeydiyyat vaxtları uzadılır. Qeyri - rəsmi məlumatlara görə, Azərbaycan Respublikasında 100 minə yaxın belə daimi və müvəqqəti qeydiyyatla yaşayan Gürcüstan vətəndaşları vardır. Soydaşlarımızın əksəriyyəti Bakı, Sumqayıt və Gəncə şəhərlərində və digər rayonlarda yaşayırlar. Belə olan təqdirdə 90 günlük qeydiyyatı olan soydaşlarımız vaksinasiya olunmaq üçün ciddi problemlərlə qarşılaşırlar. Hesab edirəm ki, bu məsələ Milli Məclis səviyyəsində gündəlikdə müzakirə olunarsa, aidiyyatı dövlət qurumları, problemlərin aradan qaldırılması üçün müvafiq qərarlar verə bilərlər”.

 İctimai Birlik problemdən ən yaxşı çıxış yolunu soydaşlarımızın qeydiyyatda olduqları ərazidə yerləşən poliklinikalarda vaksinasiya olunmalarında görür: “ Yaxud da adı çəkilən şəhərlərimizdə peyvənd olunma məntəqələrinin sayı artırıla bilər”.

Soydaşlarımızın böyük əksəriyyətinin burada işlədiyi, ailələrilə birlikdə yaşadıqlarını nəzərə alsaq, vaksin olunmayan şəxslərin gələcəkdə işlə təmin olunmasındakı problemə də nəzər yetirməliyik. Odur ki, Milli Məclis üzvündən soydaşlarımızın üzləşdiyi bu problemlərlə bağlı aidiyatı qurumlara müraciət etməsi və problemin həllində bizə dəstək olası xahiş olunur. Ümid edirik ki, yaxın vaxtlarda bu problem həllini tapacaqdır.

Soydas.az

Paylaş:

Xəbər lenti