Gürcüstan larisi hər saat dəyər itirir – İqtisadçılar nə deyir?
Gürcüstan larisi hər saat dəyər itirir – İqtisadçılar nə deyir?
Valyuta bazarında panika hökm sürür. Milli valyuta rekord həddə devalvasiyaya uğrayır. 1 dolların qiyməti 2 lari 90 tetriyə yüksəlib, bir avronun qiyməti isə 3 larini keçib.
Soydas.az Aktual.ge-yə istinadən xəbər verir ki, hazırda London birjasında Gürcüstan şirkətlərinin səhmlərinin dəyər itirməsi tamamilə çaxnaşmaya səbəb olub.
İqtisadçılar bunun səbəbinin “Gürcü Arzusu”nun atdığı yanlış siyasi addımlar olduğunu ifadə edirlər. Üstəlik iddia olunur ki, larinin devalivasiyası "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinin 14 may tarixində qəbul edilməsindən qaynaqlanır.
Larinin dollar qarşısında dəyər itirməsi və valyuta bazarında sürətlə devalvasiya yaşaması, təbii ki, məhsulların qiymətinə və hər bir vətəndaşın cibinə mənfi təsir edəcək.
Gürcüstan Milli Bankın keçmiş prezidenti Roman Qotsiridze larinin devalivasiyası ilə bağlı istehza ilə deyib: "Bu, rus qanununun [Xarici təsirin şəffaflığı haqqında] agentlərlə bağlı ilk təsiridir”.
“Gürcüstan London birjasında üç şirkətlə təmsil olunur. Bunlar: "TBC Bank", "Bank of Georgia" və "Capital of Georgia"dır. Mayın 1-Də “Bank of Georgia”nın bazar kapitallaşması 2,850 milyard funt sterlinq olub, bu gün isə 2,138 milyarddır. Azalma 712 milyon sterlinq təşkil edib. 'TBC Bank'ın bazar kapitallaşması mayın 1-də 2,179 milyard funt sterlinq idisə, bu gün 1,634 milyarddır. Azalma 545 milyon sterlinq təşkil edib. Mayın 1-də "Capital of Georgia" bazar kapitallaşması 614,4 milyon funt-sterlinq idisə, bu gün 460,8 milyon funt-sterlinq təşkil edir. Azalma 153,6 milyon sterlinq təşkil edib. Bu, rus qanunun ilk təsiridir” , - Roman Qotsiridze qeyd edib.
İqtisadçı ekspert Oto Abesadze isə Gürcüstan Qərbin maliyyə sanksiyaları astanasında olduğunu ifadə edib.
"Beynəlxalq birjalarda Gürcüstanın əsas maliyyə şirkətlərinin səhmləri ucuzlaşıb, yəni onların faizi azalıb, bu da Gürcüstanın faktiki olaraq müəyyən sanksiyalar astanasında olması ilə bağlıdır. Bu, dollar böhranına gətirib çıxardı. Bütün bunlar Gürcüstanın qəbul etdiyi qondarma xarici agentlər haqqında qanundan qaynaqlanır. Larinin devalvasiyası davam edərsə, bu, tezliklə ərzaq məhsullarına da təsir edəcək. Çörəkdən tutmuş, yanacağa qədər" , - o, qeyd edib.
Məlumat üçün bildirək ki, Gürcüstan Milli Bankı 16 may tarixinə 1 Dolları - 2.7323 lari dəyərində, 1 Avronu isə - 2.9577 lari dəyərində müəyyən edib.
Soydas.az